İQTİSADİYYAT


Ekoloji təmiz kənd təsərrüfatı məhsulu hansı tələblərə cavab verməlidir?

Bakı, 23 may, AZƏRTAC

Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və dövriyyəsi ilə bağlı münasibətləri tənzimləmək məqsədilə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanununun qəbulu, “Ekoloji təmiz kənd təsərrüfatının elmi təminatının həyata keçirilməsi Qaydaları”nın və bir sıra digər normativ hüquqi aktların təsdiq edilməsi bu istiqamətdə yeni bir mərhələnin əsasını qoyub.

Müşahidələr göstərir ki, ekoloji təmiz qida məhsullarına tələb getdikcə artmaqdadır və bu məhsulların istehsalı bütövlükdə dünya üzrə dinamik olaraq inkişaf edir. Təəssüflər olsun ki, bu məhsulların qablaşdırılması, markalanması, saxlanması və dövriyyəsi qaydalarına bir çox hallarda əməl olunmur və ekoloji təmiz kənd təsərrüfatı məhsullarının ənənəvi üsullarla istehsal edilmiş məhsullardan fərqləndirilməsi istehlakçı üçün problemə çevrilir. Belə ki, müəyyən edilmiş tələblərə cavab verən məhsulların əksəriyyətinin üzərində ekoloji təmiz məhsul olması barədə xəbərdarlığın olmaması, digər tərəfdən daha çox gəlir əldə etmək məqsədilə məhsulların üzərinə saxta “ekoloji təmiz” adının vurulması istehlakçıların aldadılmasına gətirib çıxarır.

Bəs ekoloji təmiz kənd təsərrüfatı məhsulu hansı tələblərə cavab verməlidir?

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, ekoloji təmiz kənd təsərrüfatı məhsullarına bir sıra tələblər müəyyən edilib. Belə ki, bu məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə edilməməli, emalında yalnız beynəlxalq və milli standartlarda icazə verilən təbii qida əlavələrindən istifadə olunmalı, sanitariya-gigiyena qaydalarına ciddi riayət edilməli, “torpaqdan süfrəyə” prinsipi əsas götürülməlidir. Bu yolla ərzaq istehsalında istifadə olunan xammalın, suyun, digər qatışıqların orqanizm üçün törədə biləcəyi potensial təhlükələr aradan qaldırılmış olur və son nəticədə əldə olunan məhsulun zəmanətli satışına əminlik yaradır.

Bu məhsullar sertifikatlaşdırılmalı, təbii saxlama müddətinə malik olmalı, onların tərkibində pestisidlər, mineral gübrələr, antibiotiklər, boy hormonları, müxtəlif konservantlar, antioksidantlar, aromatizatorlar, stabilizatorlar, rənglər, tamvericilər və süni mənşəyə malik digər qatqılar olmamalıdır. Məhsul əsasən, üç parametr ekoloji təmiz xammal, ekoloji təmiz inqrediyentlər, ekoloji təmiz texnologiya əsasında istehsal edilməlidir. Malların ekoloji təmiz olduğu onların etiketlərində qeyd edilməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı məhsulları “EKO-keçid” və “EKO” sözləri göstərilməklə müvafiq sertifikatlaşdırma orqanının icazəsi ilə markalanmalıdır. Bu məhsullarının markalanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Markalanma müvafiq normativ hüquqi aktlara uyğun həyata keçirilməli və etiketin üzərində və ya qoşma sənədlərin (açıq, qabsız daşınan mallarda) mətnində aşağıdakı məlumatlar əks olunmalıdır:

- istehsal və emal müəssisəsinin adı, ünvanı və əmtəə nişanı;

- ekoloji təmiz kənd təsərrüfatının tətbiq olunmasını göstərməklə məhsulun adı;

- ekoloji müşahidə və sertifikatlaşdırma üzrə akkreditasiya olunmuş orqanların adı və kodu;

- məhsulun saxlanma şəraiti;

- məhsulun istehsal tarixi və yararlılıq müddəti;

- ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının digər məhsullarla birgə anbara yığılmasının qadağasına dair göstəriş.

Alıcıların seçim etmək hüququnu təmin etmək məqsədilə satışa çıxarılan ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının etiketi üzərində həmin məhsulların istehsalında genetik modifikasiya olunmuş orqanizmlər və onların törəmələrindən istifadə olunmaması haqqında məlumatlar göstərilməlidir.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının satışı bu məqsəd üçün ixtisaslaşdırılmış xüsusi mağazalarda həyata keçirilməlidir. Belə mağaza olmadığı hallarda isə həmin məhsulların satışı ticarət müəssisələrinin xüsusi şöbələrində aparılmalıdır. Satıcılar ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehlak xüsusiyyətləri, tərkibi, kaloriliyi, məhsuldan istifadə qaydaları və üsulları, saxlama şərtləri və digər zəruri məlumatlar barədə istehlakçıları məlumatlandırmalıdırlar.

Ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları onların xarab olmasının, əzilməsinin, qırılmasının, çirklənməsinin və s. qarşısını alacaq şəkildə bir-birindən ayrı, istehlak xüsusiyyətindən asılı olaraq döşəmə, divar və tavanla təmasda olmayacaq formada (rəf şəklində) yığılmalıdır.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası qanunda birmənalı şəkildə qeyd olunur ki, istehlakçıya ünvanlanmış “ekoloji təmiz məhsul”, “müalicəvi məhsul” və digər bu kimi şüarlar yazılarsa, mütləq müvafiq icra hakimiyyəti strukturlarından icazə alınmalıdır.

Ekoloji təmiz olmayan məhsulu bu ad altında satmaq mövcud qanunvericiliyin pozulması deməkdir və İnzibati Xətalar Məcəlləsində bu əmələ görə inzibati qaydada cərimə nəzərdə tutulub. Ona görə bu məsələlərdə də hər kəs diqqətli olmalı və ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsulları ilə bağlı pozuntu hallarına rast gəldikdə aidiyyəti qurumlara müraciət etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.