ELM VƏ TƏHSİL
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin müsabiqəsi davam edir
Bakı, 26 may, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən “Yaşıl şəbəkə” ekoloji maarifləndirmə proqramı çərçivəsində “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin respublika müsabiqəsinin zona mərhələsi keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu il mayın 19-dan başlayaraq Naxçıvan şəhərində, Göyçay və Lənkəran rayonlarında müsabiqənin zona mərhələləri keçirilib. Növbəti günlərdə isə zona mərhələləri Gəncə şəhəri və Şamaxı, Şəki, Tovuz rayonlarında davam etdiriləcək. Tədbirlərə iyunun 3-də Bakıda yekun vurulacaq.
Müsabiqə iştirakçıları il ərzində aparılan müşahidələr, aqrotexniki tədbirlər və becərilən kənd təsərrüfatı bitkiləri haqqında məlumatları, fotoşəkilləri təşkilat komitəsinə təqdim ediblər.
1.270 iştirakçının qatıldığı zona mərhələsində məktəblilər gündəlik görülən işlər, əldə etdikləri nəticələr barədə təqdimatlarla çıxış ediblər. Şagirdlər Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin xüsusi komissiyası tərəfindən 100 ballıq sistem və məhsulun “qiymətləndirmə sertifikatı”nı əldə edəcək, həmçinin oktyabrda keçiriləcək “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” adlı məktəblilərin birinci respublika sərgisində iştirak imkanı qazanacaqlar.
Müsabiqənin keçirilməsinin əsas məqsədi aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz və ənənəvi kənd təsərrüfatı məhsullarının əldə olunmasında məktəblilərin fəal iştirakını təmin etmək, ekoloji təmiz bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, şagirdlərin kənd təsərrüfatı məhsullarının öyrənilməsi və mühafizəsi ilə bağlı maarifləndirilməsidir.