ELM VƏ TƏHSİL
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” müsabiqəsinin zona mərhələsi keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2017-ci ilin may-iyun aylarında “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin ikinci respublika müsabiqəsinin zona mərhələsi keçirilib.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin illik maarifləndirmə proqramı Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq ekoloji təmiz kənd təsərrüfatı istehsalının inkişaf etdirilməsi üzrə ekoloji maarifləndirmə ilə əlaqədar həyata keçirilir.
Müsabiqənin əsas məqsədi ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki sortlarının becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanması, kənd təsərrüfatı sərvətlərinə dair maarifləndirilməsidir.
Müsabiqədə “Meyvəçilik”; “Arıçılıq”; “Heyvandarlıq”; “Meşə məhsulları”; “Tərəvəzçilik”; “Subtropik bitkilər”; “Gülçülük”; “Dənli bitkilər”; “Balaca fermer” nominasiyaları üzrə ümumtəhsil məktəblərindən bu il 2000-dək I-XI sinif şagirdi fərdi, kollektiv, siniflə və ya ailəvi olaraq iştirak ediblər. Regionlarda zona müsabiqələri Gəncə-Qazax, Aran, Lənkəran-Astara, Quba-Xaçmaz, Dağlıq Şirvan, Şəki-Zaqatala və Bakı zonaları üzrə keçirilib. Münsiflər heyətinin qərarı ilə 276 məktəbli respublika mərhələsində iştirak hüququ qazanıb.
Müsabiqənin üstün cəhəti ondadır ki, keçən ilə nisbətən bu il daha çox məktəbli böyük maraq və həvəslə kənd təsərrüfatı təcrübəçiliyi ilə məşğul olub. Ölkənin müxtəlif regionlarında orta məktəb müəllimlərinin, valideynlərin iştirakı və mütəxəssislərin tövsiyələri üzrə məktəblilərin praktik fəaliyyəti elmi əsaslarla təşkil olunub. Zona mərhələsinin iştirakçıları il ərzində yetişdirdikləri ekoloji təmiz məhsul nümunələrini, təcrübə işlərinin nəticələrini, müşahidə gündəliklərini, təcrübə işinin bütün mərhələlərinin fotoşəkillərini münsiflər heyətinə təqdim ediblər. Gənc ekoloqlar milli sərvətimiz olan aqrobiomüxtəlifliyin qorunması və artırılması işinə öz töhfələrini veriblər.
Azərbaycanda iki il ərzində keçirilən layihə çərçivəsində Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində yaradılmış “Məktəb toxum bankı”na yerli məhsulların toxumları və tingləri təhvil verilib.
Regional mərhələnin yekununda Bakı-Abşeron zonası üzrə Bakı şəhərində Respublika İncəsənət Gimnaziyasında müsabiqə keçirilib. Münsiflər heyətində Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Dünya Təbiəti Mühafizə Fondunun, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri təmsil olunublar.