REGİONLAR


Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqinə diqqət artırılıb

A+ A

Naxçıvan, 8 noyabr, AZƏRTAC

Muxtar respublikanın bugünkü sosial-iqtisadi, eləcə də elmi-mədəni inkişafının nəticəsi olaraq qədim diyarımıza səyahət edən turistlərin sayı ilbəil artmaqdadır. Buna paralel olaraq Naxçıvanda muzeyləri ziyarət edənlərin sayı xeyli artdığı üçün bələdçi işinin yüksək səviyyədə təşkil edilməsi zərurəti yaranıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqi” mövzusunda keçirilən “dəyirmi masa”da danışılıb. Tədbirdə muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları və Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının I kurs tələbələri iştirak ediblər.

Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Hüseyn Cavidin ev-muzeyinin direktoru Bəhruz Axundov, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökumə Məmmədli və digərləri çıxışlarında muzey ekskursiyası işinin təşkili barədə qabaqcıl təcrübədən söhbət açıblar.

Qeyd olunub ki, bələdçi muzeyin simasıdır. Bu mənada, muzey bələdçisi muzey ziyarətçisini daim müşayiət etməli, muzeyin yaradılma tarixi və buradakı eksponatlar haqqında müfəssəl məlumat verməlidir.

Tədbirdə muzey bələdçisinin xarici dil bilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, 5 minillik şəhər mədəniyyətinə malik qədim Naxçıvana gələn əksər turistlər tariximizi, mədəniyyətimizi və ədəbiyyatımızı təbliğ edən muzeylərimizi ziyarətə üstünlük verirlər. Onlara muzeydəki eksponatlar haqqında dolğun və müfəssəl məlumatların verilməsi bu gün muzey işinin təşkili prosesində ən vacib məsələlərdəndir. Məhz bu məsələnin həlli məqsədilə muzey bələdçisinin xarici dil bilməsi vacibdir.

“Dəyirmi masa”da muzey bələdçilərini və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Sonda Naxçıvan Dövlət Rəsm Qalereyasında nümayiş etdirilən rəsm əsərlərinə baxış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.