CƏMİYYƏT


Ekspert: Nefroloq çox vaxt pasiyentin şəkərli diabet xəstəsi olmasından şübhələnən birinci həkim olur

A+ A

Bakı, 9 fevral, Əziz Məmmədov, AZƏRTAC

Dünyanın bir çox ölkələrində səhhətindən şikayəti olmayan insanlar ildə bir dəfə kompleks tibbi müayinədən keçirlər. Bu cür müayinə hiss olunmadan keçən təhlükəli xəstəlikləri istisna etməyə və ya onların vaxtında aşkar olunmasına imkan verir. Lakin təəssüf ki, vətəndaşların əksəriyyəti kompleks tibbi müayinənin səmərəli olmasını hələ də başa düşmür və nəticədə onlar çox vaxt mütəxəssislərə xəstəliyin sonrakı mərhələsində müraciət edirlər. Məsələn, bəzi böyrək xəstəlikləri uzun müddət, demək olar ki, heç bir simptomsuz cərəyan edir. Belə hallarda problemlər yalnız təsadüfən aşkar edilə bilər. Buna görə ildə ən azı bir dəfə sidiyi ümumi analizi etdirmək məsləhət görülür. Hazırda Azərbaycanda həm dövlətə məxsus, həm də özəl klinikaların çoxunda elementar analizlər aparılması mümkündür.

Azərbaycan Səhiyyə Nazirliyinin Transplantologiya üzrə Əlaqələndirmə Şurasının üzvü, Yaponiyanın Toxoku Universitetinin məzunu, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının nefroloqu Elnur Fərəcov bu fikirləri AZƏRTAC-a verdiyi eksklüziv müsahibədə söyləyib.

E.Fərəcov nefroloq ixtisası barədə məlumat verərək deyib: “Nefroloq böyrək xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olur. Bundan əlavə, təkcə spesifik problemlər yarandıqda deyil, həm də profilaktika məqsədli ilə hər il nefroloqdan məsləhət almaq zəruridir. Məsələn, aşağıda sadalanan simptomlar aşkar edildikdə: sidik ifrazı rejiminin pozulması, sidiyin rənginin və qoxusunun dəyişməsi, sidikdə qan görünməsi, sidik analizinin nəticələrinin qeyri-qənaətbəxş olması, qurşaq nahiyəsində ağrılar, ürək-damar sistemi ilə bağlı problemlər yarandıqda nefroloq-həkimlə məsləhətləşmək vacibdir.

Bildiyiniz kimi, şəkərli diabetdən əziyyət çəkən pasiyentlərin sayı ilbəil artır. Bu ağır və kəskinləşən xəstəlik həyati əhəmiyyətli bütün orqanların – baş beyinin, ürəyin, böyrəklərin, gözün tor qişasının, aşağı ətrafların müxtəlif kalibrli qan damarlarının zədələnməsi ilə səciyyəvidir. Bu halda tibbi yardım üçün gec müraciət edilməsi, pasiyentin ona təyin olunmuş müalicədən imtina etməsi, qidalanma və həyat tərzi barədə həkimin tövsiyələrinə əməl etməməsi qarşısıalınmaz nəticələrə gətirib çıxarır. Üstəlik, şəkərli diabet müxtəlif fəsadlar yaranması ilə səciyyəvi olan xəstəlikdir, böyrəklərin patologiyası isə çox tez-tez rast gələn haldır. Bəzən xəstəliyin subyektiv əlamətləri üzə çıxana qədər pasiyentin şəkərli diabetə tutulmasından şübhələnən və onu qan analizinə göndərən birinci həkim məhz nefroloq olur”.

E.Fərəcov bu müsahibədə böyrək çatışmazlığı yaranmasının səbəbləri mövzusuna da toxundu. Nefroloq dedi: “Böyrək çatışmazlığı elə patoloji vəziyyətdir ki, bu halda böyrəklərin sidikyaratma və (və ya) sidik ifrazı qabiliyyəti qismən və ya tamamilə itirilir, nəticədə orqanizmin su-duz, turşu-qələvi balansı pozulur, osmotik homoestazla bağlı ciddi pozuntular yaranır. Bu isə orqanizmin bütün sistemlərinin təkrar zədələnməsinə gətirib çıxarır. Bu xəstəliyin daha mürəkkəb mərhələsi olan kəskin böyrək çatışmazlığı böyrək toxumalarının kəskin zədələnməsi nəticəsində qəflətən inkişaf edir və ifraz edilən sidiyin miqdarının kəskin azalması və hətta tamamilə kəsilməsi ilə səciyyələnir.

Adətən pasiyentlər nefroloqa xeyli gec – xəstəliyin üçüncü və ya dördüncü mərhələsində müraciət edirlər. Bu halda böyrək çatışmazlığı ürək bulanması, ümumi zəiflik, təngnəfəslik, anemiya, iştahanın itirilməsi şəklində təzahür edir. Çox vaxt belə vəziyyət pasiyentin özünün təqsiri üzündən yaranır. Halbuki adekvat müalicə metodları vaxtında və düzgün tətbiq edildikdə böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin əksəriyyəti sağalaraq normal həyata qayıdır. Bundan əlavə, xəbərdaredici siqnallar var, onlara diqqət yetirmək lazımdır. Ən mühüm siqnal arterial təzyiqin artması və arterial hipertenziyadır.

Müasir dövrdə maddələr mübadiləsi ilə bağlı xəstəliklər – şəkərli diabet, ürəyin işemik xəstəliyi və yuxarıda qeyd etdiyimiz arterial hipertenziya daha geniş yayılıb. Təəssüf ki, bu gün 35 yaşlı insanlar arasında insult və infarkt halları da nadir hadisə deyil. Arterial hipertoniyanın səbəblərinin 90 faizi naməlum qalır. Bununla belə, arterial hipertenziyanın inkişaf etməsi riskini artıran müəyyən amillər məlumdur: siqaret çəkmək, alkoqoldan və duzdan hədsiz istifadə etmək, piylənmə, fiziki fəallığın az olması, stresslərə hədsiz məruz qalmaq, belə xəstəliklərə irsi meyillilik və sair”.

Nefroloq-həkim arterial təzyiqin normallaşdırılması üsulları barədə tövsiyələrini də bölüşdü: “Təəssüf ki, qan təzyiqinin yenidən artmasını anlamağa imkan verən hər hansı dəqiq zahiri əlamət yoxdur. Çəkinin normallaşdırılması qan təzyiqinə nəzarətin ən səmərəli dərmansız metodu olaraq qalır. İnsan 3-5 kq arıqlamaqla qan təzyiqini aşağı salar və sonradan ona yaxşı nəzarət edə bilər. Buna görə də mütəmadi olaraq təmiz havada fiziki hərəkətlər etmək, idman yerişi, qaçış, velosiped sürmək, üzmək arterial təzyiqin artmasının qarşısını ala bilər. Ciddi fiziki fəallıq çəkini və stressin orqanizmə təsirini də azaltmağa kömək edə bilər. Qida çox duzlu olmamalıdır. Alkoqollu içkilərdən istifadəni minimuma endirmək, qəbul edilən duzun miqdarını sutkada iki milliqrama qədər məhdudlaşdırmaq lazımdır. Mütəxəssislər bu qənaətə gəliblər ki, spirtli içkilərdən sui-istifadə edən şəxslərdə hipertoniya, çəkin artması halları daha çox müşahidə olunur, bu isə arterial təzyiqə nəzarət etməyi çətinləşdirir. Tez-tez başı ağrıyan, başgicəllənmədən, ürək döyüntüsündən əziyyət çəkən və digər əlamətlər müşahidə olunan insanlara məsləhətim budur ki, qan təzyiqini mütəmadi ölçsünlər və bu göstərici normadan kənar olduqda nefroloqa və ya kardioloqa müraciət etsinlər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.