İQTİSADİYYAT


Ekspert: Strateji Yol Xəritəsi üzrə reallaşdırılacaq tədbirlər ölkəmizin mövcud potensial imkanlarına əsaslanır

Bakı, 30 dekabr, Elvira Məmmədova, AZƏRTAC

Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün ölkəmizdə bütün zəruri ilkin şərtlər və imkanlar mövcuddur.

Bu fikri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) iqtisadiyyatın tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədov AZƏRTAC-a müsahibəsində bildirib.

O qeyd edib ki, son illər Azərbaycanda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar, yaradılan iqtisadi, sosial, elmi-texniki infrastruktur və maliyyə potensialı, institusional baza dəyişən şərait, tələb, yeni iqtisadi reallıqlar, çağırışlar ölkəmizdə uzun bir dövrü əhatə edən keyfiyyətcə yeni iqtisadi inkişaf strategiyasının işlənib hazırlanmasını obyektiv zərurətə çevirib. Strateji Yol Xəritəsinin hazırlanması, öz növbəsində, ölkəmizin sosial-iqtisadi inkişafının mövcud vəziyyətinin sistemli və kompleks təhlilini, dəyərləndirilməsini, reallaşma mexanizmlərini, prioritet istiqamətlərini, hədəflərini və məqsədlərinin dünya təcrübəsi və milli reallıqlar nəzərə alınaraq müəyyənləşdirilməsinin metodologiyasının, fəlsəfəsinin və paradiqmasının əsaslı surətdə yeniləşməsini tələb edib. Çünki bu gün nəyin bahasına olursa-olsun, iqtisadi artımın təmin edilməsi milli iqtisadiyyatın uzunmüddətli, davamlı və səmərəli inkişafının təmin edilməsi baxımından məqbul sayıla bilməz. Prezident İlham Əliyev deyib: “Biz artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur”.

Bu baxımdan “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri” haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli Sərəncamı uzun bir dövrü əhatə edən fundamental bir inkişaf proqramı olmaqla ölkəmizin əməli cəhətdən yaxın illərdə davamlı inkişaf modelinə keçid konsepsiyası kimi dəyərləndirilməlidir.

Strateji Yol Xəritəsində davamlı inkişafın məqsədlərinə uyğun olaraq inklüziv, açıq və şəffaf milli iqtisadiyyatın formalaşdırılması, iqtisadi artımla sosial inkişaf və sosial bərabərliyin təmin edilməsi mühüm bir vəzifə kimi qarşıya qoyulub. Bu konsepsiyada sosial-iqtisadi proseslərin 360 dərəcəli diaqnostikası əsasında qiymətləndirilməsi zərurəti xüsusi vurğulanaraq qeyd olunur ki, ölkəmizin yaxın gələcək üçün iqtisadi inkişaf parametrləri müəyyənləşdirilərkən onun səmərəliliyi hər hansı bir sahənin, sektorun və ya istiqamətin fəaliyyəti baxımından deyil, bütünlükdə ölkəmizdə həyata keçirilən təkrar istehsal prosesinin səmərəliliyinin təmin edilməsi baxımından qiymətləndirilməlidir.

Strateji Yol Xəritəsinin əməli cəhətdən səmərəli reallaşdırılmasında sosial-iqtisadi proseslərin dövlət və bazar mexanizmlərinin optimal nisbətdə tətbiqi zərurəti xüsusi vurğulanır.

Qəbul olunmuş Strateji Yol Xəritəsində diqqəti çəkən ən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, bu proqram sənəddə prioritetlər müəyyənləşdirilərkən onların sosial-iqtisadi nəticələri dəyərləndirilərkən multiplikator effekt nəzərə alınaraq tərtib edilib.

Məlumdur ki, iqtisadi inkişaf strategiyasının işlənib hazırlanması və qəbulu milli iqtisadiyyatın dinamik və davamlı inkişafının təmin edilməsinin ilkin və zəruri şərtidir. Son nəticədə, reallaşdırılması nəzərdə tutulan tədbirlərin uğuru əhəmiyyətli dərəcədə ölkədə mövcud əlverişli investisiya, innovasiya, sahibkarlıq mühitinin yaxşılaşdırılması və inhisarçılığın aradan qaldırılması dərəcəsindən çox asılı olduğunu nəzərə alaraq, onların təkmilləşdirilməsi ilə bağlı yol xəritəsində konkret istiqamətlər göstərilir. Strateji Yol Xəritəsində reallaşdırılması nəzərdə tutulan bütün tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinin ən zəruri şərtlərindən biri ölkədə sosial-iqtisadi proseslərin tənzimləmə sisteminin mövcud reallığa və dəyişən mühitə adekvat və çevik olmasından çox asılıdır. Bunu nəzərə alaraq, Strateji Yol Xəritəsində bütünlükdə milli iqtisadiyyatın və onun əsas sektorlarının idarə olunması və tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı konkret istiqamətlər müəyyənləşdirilib.

Strateji Yol Xəritəsində tədbirlərin reallaşdırılmasında sosial-iqtisadi proseslərin qiymətləndirilməsinin informasiya bazasının və uçotunun təkmilləşməsi zərurəti də xüsusi qeyd olunur. Son illərin təcrübəsi göstərir ki, Azərbaycan dövləti qəbul etdiyi bütün proqramları, layihələri və qarşıya qoyduğu məqsədləri tam yerinə yetirib. Bu baxımdan bu tarixi strateji sənədin də uğurla reallaşacağına heç bir şübhə ola bilməz. Çünki Strateji Yol Xəritəsində reallaşması nəzərdə tutulan tədbirlər, qarşıya qoyulan hədəflər, məqsədlər realdır, ölkəmizin mövcud potensial imkanlarına əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.