İQTİSADİYYAT
Ekspert: Sürətli sərnişin nəqliyyatı üçün “Yaşıl yol” şəbəkəsi yaradılmalıdır
Bakı, 27 noyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Bakıda sürətli sərnişin nəqliyyatının tətbiqi imkanlarını araşdırır. Bu sahədə Nyu York təcrübəsini öyrənmək məqsədilə həmin şəhərin Nəqliyyatın İnkişaf Siyasəti İnstitutunun mütəxəssislərinin iştirakı ilə NİİM-də təlimin keçirilməsi planlaşdırılır. Bakı şəhərində metrobus nəqliyyatının tətbiqinə dair fikirlərini AZƏRTAC-a bildirən nəqliyyatçı-ekspert Rauf Məmmədov bununla bağlı bir sıra məqamlara toxunub.
Ekspert deyib ki, bütövlükdə belə sistemin tətbiqi alqışlanmalıdır. Çünki sürətli nəqliyyat sərnişinlərə yüksək keyfiyyətli xidmət göstərilməsini təmin edə bilər. Yəqin ki, mütəxəssislər bunun texniki, texnoloji, sosial-iqtisadi, hətta hüquqi aspektlərini hərtərəfli araşdıracaqlar.
R.Məmmədovun fikrincə, sürətli marşrut anlayışını texniki və ya istismar sürəti anlayışı aspektində qəbul etmək düzgün olmazdı. Çünki istənilən halda şəhərdə sürət məhdudiyyəti mövcuddur və bunu aşmağa icazə verilmir. Buna görə də sürətli sərnişin nəqliyyatı üçün ayrıca “Yaşıl yol” şəbəkəsi yaradılmalıdır. Bu yollarda işləyəcək avtobusların texniki xarakteristikalarının küçə-yol parametrlərinə uyğunluğu da vacib şərtdir.
“Eyni zamanda, nəzərdən qaçırmaq olmaz ki, müəyyən qrup avtobuslar üçün xüsusi hərəkət şəraitinin yaradılması şəhərdə yol-nəqliyyat problemlərini kəskinləşdirə bilər. Yəni, müəyyən sərnişin kütləsi üçün komfortlu şərait başqalarının mənafeyinə ziyan vurmamalıdır. Bu baxımdan şəhərin sərnişin nəqliyyatı sisteminin əlavə yük götürməyə hazırlanması vacibdir”, - deyə ekspert bildirib.