CƏMİYYƏT


Ekspertlər Azərbaycanda əqli mülkiyyət siyasəti üçün Milli Layihənin inkişaf aspektlərini araşdırıblar

Bakı, 30 iyun, Kifayət Əliyeva, Pərvanə İmanova, AZƏRTAC

İyunun 30-da Bakıda Müəllif Hüquqları Agentliyi (MHA), Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Dünya Əqli Mülkiyyət Təşkilatının (DƏMT) birgə təşkilatçılığı ilə Azərbaycanın universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün milli layihə üzrə işçi qrupunun yığıncağı keçirilib.

AZƏRTAC xəbər verir ki, ekspertlər qrupu ilə müzakirə sessiyasında Azərbaycanın universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün Milli Layihənin daha da inkişaf etdirilməsi və icrasının praktik aspektləri araşdırılıb.

Ekspertlər qrupu universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətinin təşviqi və həyata keçirilməsi üzrə Milli Layihəni, bu sənədin reallaşdırılması istiqamətindəki addımları, mərhələləri, şərt və qaydaları, həmçinin 2017-ci ildəki fəaliyyətləri müzakirə edib.

MHA-nın sədri K.İmanovun moderatorluğu ilə keçirilən “Azərbaycanın universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti üçün Milli Layihənin cari statusu haqqında informasiya” adlı sessiyada beynəlxalq ekspertlər mövzuya dair məruzələrlə çıxış ediblər.

K.İmanov universitetlərdə və elmi-tədqiqat institutlarında texnologiyaların kommersiyalaşdırılması ilə bağlı Yol Xəritəsi barədə məlumat verib.

Bildirilib ki, universitetlərdə və elmi-tədqiqat institutlarında əqli fəaliyyət nəticələrinin kommersiyalaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Belə ki, universitetlərin maddi-texniki bazasında aparılan hər bir tədqiqatın tədqiqatçısı ilə (müəllim, elmi işçi, aspirant, magistr, tələbə) müvafiq Saziş bağlanılmalı, alınan elmi nəticələrə əqli mülkiyyətə hüquq sahibliyinin universitetə aid olması və əqli fəaliyyət nəticələrinin kommersiyalaşma nəticəsində əldə olunan gəlirin bölünməsi qaydaları həmin sənəddə əksini tapmalıdır.

Universitetin Texnologiyaların Kommersiyalaşması Ofisi (TKO) yaradılmalıdır. TKO-nun əsas vəzifələrinə əqli mülkiyyətin universitetdən sahəyə və biznesə transferinin (keçidin) təminatı, əqli fəaliyyət nəticələrinin bazar (kommersiya) potensialının dəyərləndirilməsi, hüquqi qorunmanın təmin edilməsi, lisenziya sazişlərinə və onların icrasına nəzarət edilməsi, kommersiyalaşmadan əldə edilən gəlirlərə nəzarət edilməsi, lazımi hallarda universitet əsasında yeni şirkətlərin yaradılmasına dəstək verilməsi daxildir.

Əqli fəaliyyət nəticələri barədə məlumatlar xüsusi məktubla TKO-ya təqdim olunmalıdır.

TKO-da əqli fəaliyyət nəticələri ekspertizadan keçirilməklə onun iqtisadi əhəmiyyətinin hesablanması (dəyərləndirilməsi) və kommersiya baxımından səmərəli olan (əqli fəaliyyət nəticələrinin kommersiya potensialı olmazsa, həmin nəticələr ya yenidən işlənməyə göndərilir, ya da ondan imtina edilir) əqli fəaliyyət nəticələrinin qeydiyyata təqdim olunması barədə qərarın qəbul edilməsi (əqli mülkiyyətin qorunması) vacibdir.

TKO-da marketinq, biznes təkliflərinin dəyərləndirilməsi həyata keçirilməlidir.

Əqli fəaliyyət nəticələrinin və texnologiyanın şəraitə uyğun kommersiyalaşma modelinin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edilməlidir.

DƏMT-in keçid iqtisadiyyatı və inkişaf etmiş ölkələr üzrə şöbəsinin müdiri Mixal Svantner layihənin iş planı və vaxt cədvəli barədə təqdimatla çıxış edib. Həmin şöbənin müşaviri Məhəmməd Alhabbalın “Layihənin tətbiqi sahəsinin, yanaşmasının və layihə fəaliyyətlərinin həyata keçirilməsinin müzakirəsi” mövzusunda məruzəsi dinlənilib.

Layihə ətrafında geniş müzakirələr aparılıb, təkliflər səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.