İQTİSADİYYAT
“Ekspo-2017” postsovet ölkələrində bərpa olunan energetikanın inkişafına təkan verə bilər
Bakı, 27 noyabr, AZƏRTAC
AZƏRTAC BMT Radiosuna istinadla xəbər verir ki, BMT-nin Avropa İqtisadi Komissiyasının üzvü olan dövlətlər Qazaxıstanda “Ekspo-2017” çərçivəsində sabit energetika məsələlərinə dair forum keçirmək barədə qərar qəbul ediblər. BMT həmin tədbirin regionda bərpa olunan energetikanın inkişafı üçün stimula çevriləcəyinə ümid bəsləyir. “Ekspo-2017” nin mövzusu “Gələcəyin energetikası” olacaq.
BMT-nin Avropa İqtisadi Komissiyasının enerji səmərəliliyi proqramının rəhbəri Oleq Dzyubinski deyib: “Sabit Energetika Komitəsinin bu yaxınlarda keçirilən sessiyasında “Ekspo-2017” çərçivəsində sabit inkişaf üçün nazirlik səviyyəsində konfransın və energetika məsələlərinə dair beynəlxalq forumun keçirilməsi barədə Qazaxıstanın təklifi qəbul edilib. Zənnimcə, bu geniş əhatəli tədbir istiqamətində, o cümlədən regionumuzun ölkələri üçün bərpa olunan energetika sahəsində çox işlər görüləcək”.
Yaxın günlərdə açıqlanan məruzədə deyilir ki, regionun bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var. Hazırda həmin ölkələrin energetika balansında onların payı yalnız bir neçə faiz, bəzən isə faizin də bir hissəsini təşkil edir.