MƏDƏNİYYƏT
Ekstrim həvəskarları üçün daha bir maraqlı layihə baş tutub
Bakı, 8 fevral, AZƏRTAC
Qış mövsümündə ekstrim həvəskarları üçün daha bir maraqlı layihə keçirilib. “Xtreme Pro” və “Bizon Energy Drink”in sponsorluğu ilə “Şahdağ” Turizm Mərkəzində baş tutan layihə əyləncə sektorunda yeniliyə imza atıb.
AZƏRTAC xəbər verir ki, bu dəfə təşkilatçılar böyük ölçülərdə kreativ boulinq oyunu təşkil etməyə müvəffəq olublar. Oyunda iki nəfərdən ibarət 25 komanda yarışıb. “Run n' Roll” adlanan oyunda əsas ideya müəyyən hündürlükdən içərisində adam daxil olmuş 3 metrlik böyük şar ilə aşağıda yerləşdirilən böyük keqliləri dağıtmaq, bununla da maraqlı şou və ekstrim əyləncəyə nail olmaqdır. Belə ki, iki nəfərdən ibarət komandalar şəklində yarışan iştirakçılardan biri böyük hava şarının içərisində olan digər iştirakçının sürətlə yüksəklikdən aşağıya doğru hərəkətini təmin edərək, eyni zamanda var gücü ilə qaçaraq hava şarının altında qalmamağa çalışıb. Bir sözlə, tədbirdə iştirak edənlər maraq, adrenalin və həyəcan dolu anlar yaşayıblar.
Yarışın sonunda münsiflər heyəti tərəfindən ən uğurlu texnika və tamaşaçı simpatiyası meyarları əsasında 2 komanda qalib seçilib və onlara sponsorlar tərəfindən qiymətli hədiyyələr verilib.
Qeyd edək ki, layihənin əsas məqsədi qışda ekstremal əyləncə fəaliyyətlərinə Azərbaycan gənclərinin marağını artıraraq gələcəkdə bu tip fəaliyyətiləri daha çox gerçəkləşdirməkdir.
Belə əyləncəli oyunlar zamanı zəruri təhlükəsizlik qaydalarına ciddi şəkildə riayət olunur. Həmçinin iştirak edənlər tədbirin rəsmi sığorta tərəfdaşı “Paşa Sığorta” tərəfindən sığortalanmışdı.