DÜNYA
El Pais: Madrid referendum keçirməyə mane olsa, Kataloniya müstəqilliyini elan edəcək
Bakı, 22 may, AZƏRTAC
Əgər Mariano Rahoy hökuməti Kataloniyanın İspaniyanın tərkibindən çıxmaq barədə referendumun keçirilməsinə imkan verməsə, yerli hakimiyyət dairələri ləngimədən birtərəfli şəkildə muxtariyyətin müstəqilliyini elan etmək istəyir. Bu barədə informasiya El Pais qəzetində dərc olunub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, nəşrin məlumatına əsasən, Kataloniya rəhbərliyi artıq Pireney krallığını tərk etmək barədə qanun layihəsini hazırlayıb. “Əgər İspaniya hökuməti referendumun keçirilməsinə mane olsa, müvafiq qanun tam həcmdə qüvvəyə minəcək”, - deyə layihədə qeyd olunur.
Hazırda separatçılar mümkün referendumun bu il sentyabrın 24-də, yaxud oktyabrın 1-də keçirilməsini planlaşdırırlar. Qanun layihəsində, həmçinin Kataloniyanın krallığın tərkibindən çıxdıqdan sonra parlament respublikasına çevriləcəyi və Avropa İttifaqının bir hissəsi olaraq qalacağı vurğulanır.
Xatırladaq ki, Kataloniya Pireney yarımadasının şimal-şərqində yerləşən muxtar icmadır. Son illər regionda separatçı əhval-ruhiyyə xeyli güclənib. Ötən il oktyabrın 6-da vilayət parlamenti cari ilin sentyabr ayınadək İspaniyanın tərkibindən çıxmaq barədə plebisitin keçirilməsini təsdiqləyib. Bunun ardından krallığın konstitusiya məhkəməsi həmin sənədi qanunsuz sayıb.
İspaniya konstitusiyasında muxtar vilayətin mərkəzi hökumətlə razılaşdırılmamış referendum keçirməsi və birtərəfli şəkildə müstəqilliyini elan etməsi barədə maddə yoxdur.