SİYASƏT
“El Peruano” qəzeti 28 May – Respublika Günündən yazır
Vaşinqton, 31 may, AZƏRTAC
Perunun ən nüfuzlu mətbuat orqanı olan “El Peruano” qəzetində Azərbaycanın Meksikadakı səfirliyinin Lima şəhərindəki ofisinin rəhbəri Mehdi Məmmədovun “Azerbaiyan, 99 anos de fundacion” sərlövhəli məqaləsi dərc olunub. Məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında Peru oxucularına ətraflı məlumat verilir.
Müəllif Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk respublika, ilk demokratik və hüquqi dövlət nümunəsi olduğunu vurğulayır. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddətdə bütün sahələrdə böyük nailiyyətlər əldə etdiyi diqqətə çatdırılır. Cümhuriyyətin cəmi 23 ay mövcud olmasına baxmayaraq, onun irsinin dünya miqyasında mühüm əhəmiyyət kəsb etdiyi vurğulanır.
Məqalədə Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra müasir dövlətimizin əsaslarının yaradılmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəsna rolu barədə ətraflı məlumat verilir. Məqalədə Ümummilli Liderin əsasını qoyduğu siyasəti davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin regionun liderinə çevrildiyi, dünyada nüfuzunun xeyli artdığı, böyük nailiyyətlərə imza atdığı vurğulanır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton