İQTİSADİYYAT
Elbay Qasımzadə: Bu gün lisenziyası olan memarların bir qisminin yaradıcılıq səviyyəsi yoxdur
Bakı, 3 avqust, Ramiz Quliyev, AZƏRTAC
Bakı şəhərində zövqsüz, memarlıq cəhətdən bir-birini təkrarlayan göydələnlərin də tikintisinə rast gəlirik... Bu da həmin ərazilərin ümumi görünüşünə mənfi təsir göstərir. Bunun qarşısını necə almaq olar?
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə AZƏRTAC-a müsahibəsində bu aktual problemlə bağlı deyib ki, hər bir memar öz əsərini özü gördüyü kimi icra edir. Burada əsas tələb odur ki, binalar texniki cəhətdən davamlı olmalıdır: “Çünki hər bir memarlıq əsəri insan həyatının təhlükəsizliyi ilə bağlıdır. Bu böyük bir təcrübə tələb edir. Bu gün müstəqil işləmək hüququna malik memarlar çoxdur və etiraf edək ki, onların sırasında buna hazır olmayanlar da az deyil”.
Paytaxtda zövqsüz tikilən binalara münasibət bildirən E.Qasımzadənin fikrincə, memarlıq fəaliyyətinə görə lisenziya veriləndə Memarlar İttifaqının da rəyi alınmalıdır: “Təəssüflər olsun ki, bu gün lisenziyası olan memarların bir qismi o lisenziyaya layiq deyillər. Ona görə də hazırladıqları layihə çox zaman ictimai qınağa səbəb olur. Bizim istədiyimiz yaradıcılıq səviyyəsi yoxdur”.
Memarlar İttifaqının İdarə Heyətinin sədri, həmçinin qeyd edib ki, Azərbaycanda bu gün memarlıq sahəsində 300-dən çox lisenziya verilib. Ölkə miqyasında bu lisenziyaların bu sayda olmasına heç bir ehtiyac yoxdur. Onların bir qismi isə lisenziya alandan sonra heç bir fəaliyyətlə məşğul olmayıb. Bir qismi isə memarlıqla məşğul olmaq iqtidarında deyil.