SİYASƏT


Elçin Əhmədov: ÜAK-ın ləğvi Rusiyadakı ermənipərəst dairələrin məkrli fəaliyyətinin nəticəsidir

Bakı, 17 may, AZƏRTAC 

Rusiya Ədliyyə Nazirliyinin vəsatəti ilə bu ölkənin Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğv olunması barədə qəbul edilən qərar ədalətsiz, qərəzlidir. Rusiyadakı Azərbaycan diasporuna belə qərəzli münasibət Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinə xələl gətirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.

Elçin Əhmədov qeyd edib ki, bu qərar Rusiyada yaşayan azərbaycanlılara qarşı hörmətsizlikdir və onların ciddi narazılığına səbəb olacaq səhv addımdır. Eyni zamanda, bu addım Rusiyanın regiondakı fəaliyyətində problem yaradır və onun bitərəf mövqeyinə kölgə salır. Şübhəsiz ki, Rusiyada antiazərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətlərə zərbə vurmaq planlarını reallaşdırmağa çalışırlar. Bununla yanaşı, Rusiyadakı bəzi antiazərbaycan dairələr, dövlət orqanlarındakı ermənipərəst qüvvələr, habelə bu ölkədəki erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər.

Belə bir ədalətsiz, qərəzli qərarın qəbul edilməsi bəzi suallar da doğurur. Belə ki, Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, nəyə görə məhz Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir? Rusiya kimi ölkədə hansısa texniki məsələlər buna əsas ola bilərmi? Eləcə də bu yaxınlarda Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanın 60 illik yubileyində Rusiyanın hakim elitası iştirak edib. Digər tərəfdən isə Rusiya hökuməti Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edir. Bu birtərəfli və əsassız yanaşmadır. Eyni zamanda, belə bir addım Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçiliyini, ATƏT-in Minsk qrupunun həmsədri mandatını da kölgə altında qoyur. Bu baxımdan, Azərbaycan icmasının ən böyük ictimai birliyinin qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin öz xarakterinə ziddir, eləcə də Rusiyada tolerantlıq mühitini və millətlərarası münasibətləri təhdid edən addımdır.

Ümumrusiya Azərbaycanlıları Konqresi Ümummilli lider Heydər Əliyev və Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə 2001-ci ildə yaradılıb və fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, eləcə də iki dövlət arasında strateji tərəfdaşlıq əlaqələrinin möhkəmlənməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşması, mədəni dəyərlərin, tarixi ənənələrin təbliğinə xidmət edən bir sıra uğurlu layihələr həyata keçirib. Hazırda beynəlxalq münasibətlər sistemində mühüm yerə və rola malik Rusiyanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bu ölkədə yaşayan azərbaycanlı icma xüsusi rol oynayır. Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlılar bu ölkəni özünün ikinci vətəni kimi qəbul edir, onun tərəqqisi və rifahı naminə səy və bacarıqlarını əsirgəmirlər. Həmçinin Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir.

Bununla yanaşı, ÜAK və onun üzvləri heç zaman Rusiya qanunlarına və milli mənafelərinə zidd hər hansı addım atmayıb, dövlətin maraqlarını yüksək əzmlə qorumağa, müdafiə etməyə çalışıblar. İki milyona yaxın azərbaycanlını təmsil edən bu təşkilat hər zaman millətlərarası münasibətlərin və qarşılıqlı anlaşmanın tərəfdarı kimi çıxış edib, ölkədə mövcud olan dini və etnik tolerantlığın daha da gücləndirilməsinə töhfə verməyə çalışıb.

Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub, bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri inkişaf edib. Azərbaycan və Rusiya prezidentləri arasında qarşılıqlı anlaşma və dostluq əlaqələri ikitərəfli münasibətlərin xarakterinə mühüm təsir göstərib, bu münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Bununla yanaşı, Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi, siyasi əlaqələrin daha da intensivləşməsində maraqlı olub. Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı il avqustun 8-də Bakıda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlərin bizim həyatımızın demək olar ki, bütün sahələrini əhatə etdiyini deyib. Rusiya Prezidenti Vladimir Putin iki dövlət qarasındakı münasibətlərin kağız üzərində deyil, əməli işdə strateji tərəfdaşlıq xarakterinə malik olduğunu bildirib. Münasibətlərin xeyli şaxələndirildiyini və bütün istiqamətlər üzrə inkişaf etdiyini bildirən Rusiyanın dövlət başçısı Azərbaycanda təxminən 600 Rusiya şirkətinin işlədiyini, birbaşa investisiyaların həcminin 1,5 milyard dollara yaxın olduğunu söyləyib.

Bundan əlavə, Azərbaycan dövləti həmişə Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri inkişaf etdirilib və qarşılıqlı dəstək ruhu hökm sürüb. Eyni zamanda, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev ölkədə rus dilinin, mədəniyyətinin qorunub saxlanması, rus dilli təhsil müəssisələrinin, rus icmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rus icması nümayəndələrinin vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atıblar və bu siyasət hazırda da davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.