MƏDƏNİYYƏT
Elçin Əzizov “Metropoliten Opera”da çıxış etdi
Vaşinqton, 1 fevral, AZƏRTAC
Amerika mətbuatı Nyu-Yorkun “Metropoliten Opera” səhnəsində P.Çaykovskinin “İolanta” operasının premyerasını “çox gözəl tamaşa”, “parlaq ifa” kimi rəylərlə qiymətləndirib.
Tamaşada əsas partiyaları Anna Netrebko, Pyotr Beçala, İlya Bannik, Aleksey Markov və Elçin Əzizov ifa ediblər. Dirijor pultunda isə maestro Valeri Gerqiyev olub. Əsərin quruluşçu rejissoru Mariuş Trelinskidir.
Tamaşaçıların diqqətini çəkən məqamlardan biri də səhnə quruluşu olub. Belə ki, səhnədə 3D effekti yaradılıb, mərkəzdə isə əsas hadisələrin baş verdiyi açıq otaq yerləşib.
Mariinski Dövlət Akademik Opera Teatrının bədii rəhbəri, baş dirijoru Valeri Gerqiyev deyib: “O bilmirdi ki, son operasını yazır. Lakin düşünürəm ki, o, qaranlıqdan işığa getmək istəyirdi”.
Premyera “Metropoliten Opera”nın saytında www.metopera.org canlı yayımlanıb.
Sonda aparıcı ifaçıların çox gözəl səslərinin olduğunu vurğulayıb və əlavə edib ki, Elçin Əzizov “Metropoliten Opera” səhnəsinə çıxan ilk azərbaycanlıdır.
“İolanta” operası fevralın 14-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanın Əməkdar Artisti Elçin Əzizov 1975-ci ildə Bakıda anadan olub. 2008-ci ildən Rusiya Dövlət Akademik Böyük Teatrının solistidir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton