İQTİSADİYYAT
“Elektroenergetika haqqında” Qanunun yeni layihəsinin strukturu nəzərdən keçirilib
Bakı, 2 avqust, AZƏRTAC
“Elektroenergetika haqqında” Qanunun yeni layihəsinin strukturu müzakirə edilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli Fərmanının 4.2 bəndində və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 7 aprel tarixli Sərəncamının 2.1-ci bəndində “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması tapşırığı verilib. Bu tapşırığın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Energetika Nazirliyinin 2017-ci il 3 iyul tarixli 25 nömrəli Əmri ilə yaradılmış İşçi Qrupun 2-ci iclası keçirilib.
İclasda Azərbaycanın elektroenergetika sektoruna ümumi baxışı nəzərdən keçirilmiş və Azərbaycanda tətbiq olunacaq elektrik enerjisi bazarının model variantları və yeni Qanun layihəsinin strukturu müzakirə edilib. Bununla yanaşı, yeni “Elektroenergetika haqqında” Qanun layihəsinin hazırlanmasına Azərbaycan Respublikasının Energetika Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən USAİD-in Aşağı Emissiyalı İnkişaf üzrə Potensialın Artırılması Strategiyası proqramı çərçivəsində təcrübəli xarici və yerli ekspertlər də cəlb olunub.