İQTİSADİYYAT
“Elektron İmza” “ASAN xidmət” mərkəzlərindəki “MİDA”nın “Güzəştli mənzil” pəncərələrindən də əldə oluna bilər
Bakı, 3 avqust, AZƏRTAC
Güzəştli mənzil almaq istəyən vətəndaşların rahatlığını təmin etmək və əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə “Elektron İmza”nı avqustun 3-dən “ASAN xidmət” mərkəzlərində "MİDA" MMC-nin "Güzəştli mənzil" xidməti pəncərələrindən də sifarişlə almaq imkanı yaradılıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinın mətbuat xidmətindən bildirilib. Bu xidmət vətəndaşlara Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan Məlumat Hesablama Mərkəzi ilə birgə təqdim edilir. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlığı genişləndirir.
Azərbaycan Respublikası Prezidentinin 24 may 2017-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Güzəştli mənzil” sistemi haqqında Əsasnaməyə uyğun olaraq mənzillərin əldə edilməsi üçün müraciət artıq gücləndirilmiş “Elektron İmza” ilə mümkündür.
“Elektron hökumət” portalında (www.e-gov.az) yerləşən “Güzəştli mənzil” sistemi vasitəsilə qeydiyyatdan keçmək, həmçinin güzəştlə mənzil əldə etmək hüququ təsdiq olunduqdan sonra şəxsi elektron kabinetinə daxil olmaq və mənzil seçmək üçün tələb olunan “Elektron İmza” bu il avqustun 3-dən etibarən Bakı şəhərində yerləşən 1, 3 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən və Sumqayıt “ASAN xidmət” mərkəzindən də əldə oluna bilər.
“Güzəştli mənzil” sisteminə dair sualları cavablandırmaq, şəxsi elektron kabinetin yaradılmasında, həmçinin “Elektron İmza”nın alınmasında köməklik göstərmək məqsədilə “ASAN xidmət” mərkəzlərində "Güzəştli mənzil" pəncərələri davamlı olaraq vətəndaşlara xidmət göstərəcək.
“Güzəştli mənzil” sistemindən “Elektron imza” və ya “Asan imza” vasitəsilə istifadə vətəndaşların fərdi məlumatlarının mühafizəsini və "Elektron hökumət" portalı vasitəsilə aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini təmin edir.
“Elektron imza”ya sahib olan vətəndaşlar “Güzəştli mənzil” sistemi ilə yanaşı, "Elektron hökumət" portalında təmsil olunan digər dövlət orqanlarının təqdim etdiyi xidmətlərdən də rahat şəkildə yararlana bilərlər.