İQTİSADİYYAT
“Elektron İpoteka Portalı” onlayn rejimdə istifadəyə veriləcək
Bakı, 31 yanvar, AZƏRTAC
“Elektron İpoteka Sistemi”nin (EİS) davamı olan “Elektron İpoteka Portalı” fevralın 2-dən onlayn rejimdə əhalinin tam istifadəsinə veriləcək.
Azərbaycan İpoteka Fondundan (AİF) AZƏRTAC-a bildiriblər ki, bundan sonra ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa olaraq internet vasitəsi ilə onlayn portalın veb səhifəsinə www.e-ipoteka.az daxil olub müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. İpoteka kreditindən yararlanmaq istəyən şəxs müvəkkil kredit təşkilatlarının ipoteka kreditləri üzrə təklif etdiyi şərtlərə diqqət yetirməli, onları təhlil etdikdən sonra müraciətini təsdiqləməlidir.
Qeyd edək ki, AİF “Elektron İpoteka Sistemi”nin tətbiqini başa catdırıb və bazar iştirakçılarının istifadəsinə verib. Sistemin tətbiqi müvəkkil kredit təşkilatlarına, sığorta və qiymətləndirici şirkətlərə bütün texniki prosedurları onlayn həyata keçirməyə imkan verir.