İQTİSADİYYAT


Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə dair təqdimat keçirilib

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC 

Kənd Təsərrüfatı Nazirliyində Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) həsr edilmiş təqdimat keçirilib. Təqdimatda kənd təsərrüfatı naziri Heydər Əsədov, nazirliyin idarə və xidmət rəhbərləri, EKTİS-nin xidmət təminatçısı olan İtaliyanın məşhur texnoloji həllər şirkəti “Abaco Group”un və “Caspel” şirkətinin, Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iştirakçılara EKTİS çərçivəsində görülmüş işlər, sistemin komponentləri, ona daxil olan altsistemlər, başa çatdırılmış layihə və mərhələlər barədə məlumat verilib. Daha sonra “Subsidiya və Siyasətə dair İnformasiya Sistemi” təqdim edilib. Sistemin Quba rayonunda sınaqdan keçirildiyi və işlək vəziyyətdə olduğu bildirilib.

Qeyd edilib ki, layihə kənd təsərrüfatı sahəsində məlumatların toplanması və subsidiyaların verilməsini elektron xidmətə keçirmək yolunda atılmış ilk praktiki addımdır. Beynəlxalq mütəxəssislər iyul-sentyabr aylarında Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurum əməkdaşlarına təlimlər keçiblər. Həmin əməkdaşlar qubalı fermerləri, torpaq sahələrini qeydiyyata alıb və müraciətlərə baxaraq, subsidiya ödənişlərinin edilməsi sxemini müəyyənləşdiriblər. Quba rayonunun kənd təsərrüfatı, torpaq sistemi və fermerləri haqqında müfəssəl bilik toplanmasına xidmət edən layihənin daha da təkmilləşdirilərək, ölkənin digər regionlarında tətbiqi barədə fikirlər səsləndirilib.

Kənd təsərrüfatı naziri Heydər Əsədov görülmüş işləri təhlil edərək, qeydiyyat sisteminin müfəssəl tərtibi, dolğun məlumat bazasının hazırlanması, sistemin işləməsi üçün lazım olan mühüm istiqamətlərin daha dəqiq müəyyənləşdirilməsi üçün tövsiyələr verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.