İQTİSADİYYAT
Elektron Təhlükəsizlik Mərkəzi “Android” əməliyyat sistemi istifadəçilərinə xəbərdarlıq edir
Bakı, 28 iyul, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi “Android” əməliyyat sistemi istifadəçilərinə xəbərdarlıq edir.
Xəbərdarlıqda qeyd olunur ki, təhlükəsizlik tədqiqatçıları “Android” əməliyyat sistemi üçün yeni həyəcan doğuran eksploit aşkar ediblər. Belə ki, “2.2” və “5.1” versiyalı “Android” əməliyyat sistemlərini istifadə edən qurğuların təxminən 95 faizi kritik təhlükəsizlik zəifliyinə malikdir. Aşkar olunan eksploit bədniyyətlilərə “MMS” və ya multimedia faylı göndərməklə qurğunu ələ keçirmək imkanı yaradır.
“Zimperium” şirkətinin vitse-prezidenti Joshua Drakein sözlərinə görə hazırda “Android” qurğularının demək olar ki, hamısı bu boşluğa qarşı zəifdir və istənilən qurğu onun sahibinin xəbəri olmadan kiberhücuma məruz qala bilər. Bu zəiflik “Android”in “Stagefright” adlanan əsas elementində yerləşir. Bu element isə öz növbəsində “Android” tərəfindən “PDF” və digər bu kimi multimedia fayllarının emalı, yazılması və oxunması üçün istifadə olunan, multimedia fayllarına baxış kitabxanasıdır.
"Ekspert Drake" tərəfindən hazırlanmış eksploitlə isə “MMS” formatında xüsusi şəkildə yaradılan mətn mesajı vasitəsilə sistemi ələ keçirmək olar. Mesaj hədəfə göndərildiyi zaman qurğunun sahibinin heç bir əməliyyat həyata keçirməsi lazım gəlmir. Bədniyyətliyə lazım olan sadəcə hədəfin mobil nömrəsidir. Mobil nömrəyə göndərilən zərərli mesaj telefonda heç bir göstərici tələb olunmadan ziyanverici proqramın işə düşməsini və hədəfin ələ keçirilməsini təmin edir.
“Android” əməliyyat sisteminin yuxarıda qeyd olunan versiyalarının artıq bir müddətdir ki, “Google” tərəfindən dəstəklənməməsi istifadəçiləri daha böyük təhlükə altında qoyur. Bu kritik təhlükəsizlik zəifliyinin qarşısının alınması məqsədilə “Android” istifadəçilərinin öz qurğularının əməliyyat sistemini yeniləmələri və yeni versiya sistemdən istifadə etmələri tövsiyə olunur.