İQTİSADİYYAT
Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik üzrə beynəlxalq təşkilata üzv seçilib
Bakı, 6 aprel, AZƏRTAC
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən “First” beynəlxalq təşkilatına tam hüquqlu üzv seçilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, bu üzvlük Azərbaycanda elektron təhlükəsizlik sahəsində dövlət tərəfindən aparılan uğurlu siyasətin beynəlxalq arenada da davam etdirilməsinə imkan yaradacaq. Təşkilata üzvlük kibertəhlükəsizlik sahəsindəki problemlərə qlobal həll tapılmasını asanlaşdırır və sürətləndirir. Bundan əlavə, informasiya təhlükəsizliyi sahəsində ən son yeniliklər, insidentlər, təhlükələrdən mühafizə yolları və əlaqəli məsələlərlə bağlı ideyaları, təcrübələri öyrənmək və paylaşmaq imkanı verir.
Qeyd edək ki, dünya ölkələrinin kompyuter insidentlərinə qarşı mübarizə mərkəzlərinin (CERT) əməkdaşlığını asanlaşdırmaq məqsədilə yaradılan “First” hər il müxtəlif ölkələrdə konfranslar və tədbirlər keçirir. Burada üzv və qeyri-üzv qurumların iştirakı təmin olunur ki, bu da beynəlxalq arenada yeni əməkdaşlıqlar üçün zəmin yaradır. Kompyuter insidentlərinə qarşı mübarizə mərkəzlərinin fəaliyyətinə təsir göstərən məsələlərin müzakirəsi ilə əlaqədar “First”ə üzv qurumların hər il müntəzəm olaraq forumu təşkil olunur və burada yalnız üzvlərə iştirak hüququ verilir.