ELM VƏ TƏHSİL
“Elektron Təhsil” Respublika müsabiqəsinin nominantları müəyyənləşdirilib
Bakı, 29 noyabr, AZƏRTAC
“Elektron Təhsil” Respublika müsabiqəsinin müəllim, şagird və məktəb istiqamətlərinin altı nominasiyası üzrə qəbul edilmiş 1220 layihəyə ekspertlər tərəfindən baxılıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ekspertlərin qiymətləndirmə nəticələrinə əsasən 1220 layihədən 325-i nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən online yolla qiymətləndiriləcək.
Müsabiqənin keçirilməsinin məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin fəaliyyətini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaqdır. Tədrisdə İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaq da müsabiqənin əsas məqsədlərindəndir.
Müsabiqəyə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, əlavə təhsil ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər qatılıblar.
Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
Müsabiqə “Dr.Web”, “AzEduNet”, “Ultra”, "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar Mobile” tərəfindən dəstəklənir.
2010-cu ildən təşkil edilən müsabiqəyə bu günədək ümumilikdə altı mindən çox layihə təqdim olunub.