İQTİSADİYYAT
“Elektron hökumət” portalı vasitəsilə e-xidmətlərdən istifadə edənlərin sayı artıb
Bakı, Xatirə Cəfərova, 6 iyul, AZƏRTAC
“Elektron hökumət” quruculuğu üzrə təkliflərin, ideyaların bildirilməsi üçün yaradılan “Fikir bankı” xidmətinə yeni funksiyalar əlavə edilib. Artıq vətəndaşlar e-xidmətin alt hissəsində olan şərh bölməsindən istifadə edərək “Fikir bankı”nda toplanmış təkliflərə öz münasibətlərini bildirə bilərlər.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, yeni yaradılmış funksiyalardan biri də istifadəçilər tərəfindən təklif və rəylərin videoya çəkilərək “Fikir bankı”na göndərilə bilməsidir.
İnternet istifadəçisi olan istənilən şəxs rəsmi portalda “Fikir bankı”na daxil ola və “Elektron hökumət” layihəsi çərçivəsində mümkün ola biləcək məsələni təklif kimi qeyd edə bilər. Vətəndaşın verdiyi ideya və ya təklif saytın idarəçiləri tərəfindən təsdiqlənir. Bu prosesdən sonra təklif saytda görünür.
“Elektron hökumət” layihəsində maraqlı olan internet istifadəçiləri “Fikir bankı”na təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə qeydiyyatdan keçməlidirlər.