İQTİSADİYYAT
“Elektron hökumət” portalı vasitəsilə ipoteka kreditini almaq olacaq
Bakı, 10 avqust, AZƏRTAC
Bu gündən etibarən "Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs "Elektron hökumət" portalına daxil olub ipoteka kreditinin alınması üçün müraciət edə bilər.
"Azərbaycan İpoteka Fondu"ndan AZƏRTAC-a verilən məlumata görə, ipoteka krediti üçün real vaxt rejimində müraciət gücləndirilmiş elektron imza vasitəsilə (Elektron imza və ASAN imza) mümkün olacaq. Bu əsasən, vətəndaşa lazımi sənədləri real vaxt rejimində imzalamasına şərait yaradılmasını, ipoteka krediti üzrə müraciət zamanı aparılan əməliyyatların dəqiq və təhlükəsiz həyata keçirilməsini, məlumatların mühafizəsini təmin edir.
Daha əvvəl ipoteka krediti almış vətəndaşlar isə öz elektron kabinetlərini sadələşdirilmiş istifadəçi adı/şifr ilə də izləyə biləcəklər.
"Elektron hökumət" portalında "Elektron ipoteka" sisteminin istifadəyə verilməsi əhalinin ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsi ilə yanaşı, məlumatların real vaxt rejimində emalını, onların düzgünlüyü və təhlükəsizliyini təmin edir.
Xidmətdən istifadə üçün "Elektron hökumət" portalında "İpoteka krediti üçün müraciət" adlı keçid təqdim olunur.