İQTİSADİYYAT
“Elektron hökumət” portalından “Yeni telefon çəkilişi” xidmətinə 13 min 637 dəfə müraciət olunub
Bakı, 3 avqust, AZƏRTAC
“Elektron hökumət” portalından “Yeni telefon çəkilişi” xidmətinə 13 min 637 dəfə müraciət edilib.
Portaldan AZƏRTAC-a bildirilib ki, vətəndaşlar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla, məsafə qət etmədən mənzillərinə, yaxud ofislərinə yeni telefon xətti çəkdirə bilərlər. Bu xidmət hazırda Bakı şəhəri (Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.
Qeyd edək ki, indiyədək “Elektron hökumət” portalı üzərindən “Yeni telefon çəkilişi” xidmətinə 13 min 637 dəfə müraciət olunub. Xidmətdən istifadə etmək üçün 4 sənəddən birinin - evin qeydiyyat şəhadətnaməsi (kupça), sərəncam, order və yaxud müqavilənin olması vacibdir. Eyni zamanda, “Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada həyata keçirmək mümkündür.
Qeyd edək ki, hər iki xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bu günədək həmin xidmətə olan müraciətlərin sayı 8 min 765-ə çatıb. Xidmətdən istifadə etmək üçün ailə üzvlərinin 4 sənəddən birinin - doğum haqqında şəhadətnamə, ölüm haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və yaşayış yeri haqqında arayışın olması mütləqdir. Yeni istifadəçi üçün isə “Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.
Müraciət proseduru sadədir. Bunun üçün sistemə daxil olub telefonun ailə üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd etmək lazımdır. Addan-ada keçirilən telefonun nömrəsi və əlaqə nömrəsi daxil edilərək, qeyd olunan 4 sənəddən biri skan edilərək yüklənməli və “Növbəti” düyməsi seçilməlidir.
Qeyd edək ki, istər “Yeni telefon çəkilişi”, istərsə də “Telefonun addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən qoşula biləcəyiniz servislər və onların abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən servisi seçib və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynəlxalq çıxış kodlarını açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirmək olar.
Bundan başqa, NRYTN-in “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərindən istifadə etməklə “Telefonun təhvil verilməsi” (müraciət sayı 1944), “Telefonun servislərə qoşulması” (müraciət sayı 12.129), “Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16.439), “Telefon nömrəsi üzrə axtariş” (müraciət sayı 2.720.797) və sair kimi xidmətlərdən yararlanmaq mümkündür.