İQTİSADİYYAT
“Elektron hökumət təlim-tədris mərkəzi”nin açılışı olub VİDEO
Bakı, 6 fevral, AZƏRTAC
Bakıda “Elektron hökumət təlim-tədris mərkəzi”nin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərkəz Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Koreyanın Xarici İşlər Nazirliyi arasında 2013-cü ilin aprelin 18-də imzalanan “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılmasına dair qrant razılaşması” çərçivəsində yaradılıb.
Tədbirdə iştirak edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, qrant razılaşması əsasında Bakı şəhəri və 15 region daxil olmaqla (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəki) ümumilikdə 17 mərkəz qurulub. Hələlik bunlardan yalnız biri ən müasir avadanlıqlarla təchiz edilib. Mərkəzin mövcud potensialından istifadə edərək ilk növbədə dövlət qulluqçuları üçün İKT üzrə bilik və bacarıqlarının artırılması, e-hökumət həllərinin inkişafı, elektron xidmətlərin genişləndirilməsi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklərə yiyələnməsi, onlara lazımi metodiki köməkliyin göstərilməsi və digər xidmətlər həyata keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov isə bildirib ki, mərkəz ümumi məqsədlərimizə xidmət edəcək. Burada göstərilən xidmətlərdən bütöv cəmiyyətimiz yararlanacaq.
Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan hökuməti ilə bir neçə qrant razılaşması imzaladığını və Azərbaycanda qrant layihələrini uğurla icra etdiyini bildirməkdən şərəf duyduğunu vurğulayıb. Səfir bildirib ki, bunlardan biri də “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılması” layihəsidir. Bu layihənin uğurlu icrası ölkələrimizin gələcək əməkdaşlığına böyük təsiri olacaq.
Digər çıxış edənlər xatırladıblar ki, layihə çərçivəsində digər dövlət qurumları və aidiyyəti təşkilatlarla əməkdaşlıq planlaşdırılır. Burada aztəminatlı ailələrin uşaqları üçün pulsuz kompüter kursları da təşkil ediləcək. Mərkəzin “e-training.az” adlı portalı hazırlanıb, onun vasitəsilə Təhsil İnformasiya Sisteminə qoşulmaq mümkündür. Dinləyicilərə real zaman, offlayn və onlayn rejimlərində təlimlər keçiriləcək.