İQTİSADİYYAT
“Elektron kənd təsərrüfatı” informasiya sisteminin yaradılması layihəsi üzrə rəhbər komissiyanın iclası keçirilib
Bakı, 13 iyun, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Aparatının başçısı İlham Bayramovun rəhbərliyi ilə Avropa İttifaqının “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsinin Rəhbər Komissiyasının 4-cü görüşü keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, komissiya layihənin 3-cü Aralıq Hesabatını müzakirə edib, layihə çərçivəsində “Vilalto” konsaltinq konsorsiumunun məsul şəxsləri tərəfindən görülmüş işlər haqqında məlumat verilib, may və iyun aylarında nazirliyin rayon və şəhər Kənd Təsərrüfatı idarələrinin torpaq mütəxəssislərinin cəlb edildiyi genişmiqyaslı təlimlər haqqında danışılıb.
Həmçinin komissiya üzvləri növbəti mərhələ üzrə iş planını müzakirə ediblər. Layihənin gələcək planları komissiya üzvləri tərəfindən ətraflı şəkildə nəzərdən keçirilib.
Yekun olaraq layihənin uğurlu icrasını təmin etmək üçün konsorsium üzvləri və nazirlik arasında daha sıx əməkdaşlıq edilməsi, səylərin gücləndirilməsi haqqında razılığa gəlinib.
İclasda Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin layihə üzrə məsul şəxsləri, konsorsiuma üzv şirkətlərin nümayəndələri, Kənd Təsərrüfatı Nazirliyinin layihə ilə əlaqəli şöbələrinin rəhbərləri, layihənin baş ekspertləri iştirak edib.