REGİONLAR


Elektron mediada dil normalarının ciddi şəkildə pozulması halları müşahidə olunur VİDEO

A+ A

İsmayıllı, 3 noyabr, Adil Ağayev, AZƏRTAC

AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Regionlarda dil situasiyası: İsmayıllı” mövzusunda “dəyirmi masa” keçirilib.

AZƏRTAC xəbər verir ki, dilçi alimlərin, rayon ziyalılarının, kargüzarlıq işində çalışanların, rayon icra hakimiyyəti yanında adqoyma komissiyası üzvlərinin, KİV nümayəndələrinin iştirak etdikləri “dəyirmi masa”da Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələr, aparılan monitorinqin nəticələri müzakirə olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova mövzunun aktuallığını diqqətə çatdıraraq, bununla bağlı İsmayıllıda görülən işlərdən danışıb.

Dilçilik İnstitutu monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva “Dövlət Proqramının icra mexanizminin başlıca istiqamətləri”, şöbənin aparıcı elmi işçiləri Şahlar Məmmədov “Mətbuatda dil problemləri”, Nəzakət Qaziyeva “Qloballaşma dövründə dövlətin dil siyasəti”, Rasim Heydərov “Reklamların dil mənzərəsi” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlarda Dövlət Proqramında qarşıya qoyulan vəzifələrdən, ana dilimizin qorunması və inkişafı istiqamətində Prezident İlham Əliyevin gördüyü işlərdən, mövcud problemlərdən söz açılıb. Qeyd olunub ki, bu gün Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından heç də lazımınca və düzgün istifadə edilmir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması üçün çeviklik nümayiş etdirilməlidir. Bu gün bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması hallarına rast gəlirik. Həmçinin aparılan monitorinqlər zamanı bəzən küçə və meydanlardakı reklamlarda, afişalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulduğu da müəyyən edilib.

Son illər elektron medianın sürətlə inkişaf etdiyi bir şəraitdə dil normalarının ciddi şəkildə pozulması halları da müşahidə olunur. Müəlliflər diqqəti informasiyalara daha çox cəlb etmək məqsədi güdərkən, dil normalarını ciddi şəkildə pozurlar. Buna misal kimi, “Azərbaycanda dəhşətli xəzinə tapıldı”, “AŞPA rəhbəri ermənini söndürdü”, “Putin dəhşət saçdı” və sair başlıqlı xəbərləri göstərmək olar.

Qeyd olunub ki, monitorinq şöbəsi paytaxtda və bölgələrdə Azərbaycan dilinin tətbiqi prosesini izləyir, nöqsanları araşdırır, bununla bağlı tövsiyələr hazırlayır və bu barədə müvafiq dövlət qurumlarına hesabat təqdim edir.

Bu gün dil normalarının pozulmasının qarşısının alınması, idarəçilikdə və kargüzarlıqda ədəbi dilin düzgün tətbiq edilməsi, əhali arasında nitq mədəniyyətinin yüksəldilməsi və sair kimi məsələlərin gündəmdə durduğunu qeyd edən natiqlər Dilçilik İnstitutunun, o cümlədən monitorinq şöbəsinin bu sahədə gördüyü işlərdən ətraflı danışıblar.

“Dəyirmi masa”da ədəbi normalara əməl olunmasının zəruriliyi qeyd edilib, normativ hüquqi bazanın təkmilləşdirilməsinin, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsinin, Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin, ana dilimizin kütləvi informasiya vasitələrində təbliğinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.