ELM VƏ TƏHSİL
“Elektron resursların işlənməsi” mövzusu üzrə təqdimat olub
Bakı, 20 noyabr, Tərgül Ağayeva, AZƏRTAC
Noyabrın 20-də AMEA Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzində “Elektron resursların işlənməsi” (Electronic Resources Usage) mövzusu üzrə “EBSCO” məlumat xidmətlərinin təqdimatı və müvafiq məlumat bazasından istifadə qaydalarına həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzi Kitabxana – İnformasiya Resursları Mərkəzinin direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edib. Alim bildirib ki, tədbirdə məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarından olan nümayəndələrə “EBSCO” məlumat bazasının xidmətləri haqqında məlumat vermək və onların bazaya qoşulması imkanlarını müzakirə etməkdir.
ABŞ-ın “EBSCO” şirkətinin nümayəndəsi Reyko Raye şirkətin fəaliyyəti barədə məlumat verib. R.Raye qeyd edib ki, ABŞ-ın nüfuzlu şirkətlərindən olan “EBSCO” aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisidir. “EBSCO” təkcə ABŞ və Avropada deyil, dünyanın digər müxtəlif yerlərində də nəşr olunan sənədlərin elektron variantlarını oxuculara təqdim edir. “EBSCO” nəşrlərindən istifadə etmək üçün alim və ziyalılardan xarici dil bilikləri tələb olunur. Burada materiallar ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə təqdim edilir.
Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (AKİK) respublika üzrə əlaqələndiricisi Cəmilə Yusifova bu qurumun fəaliyyətindən və “EBSCO” ilə əməkdaşlıqdan danışıb. Bildirilib ki, AKİK-nun məqsədi üzvlər arasında informasiya mənbələrini bərabər paylamaq, əldə olunan elektron ehtiyatların keyfiyyətini yüksəltmək, eləcə də üzvlərin sayını çoxaltmaqdır. Artıq AMEA-nın bir neçə institutu dünyada çox məşhur olan “EBSCO” məlumat bazasına konsorsiumun vasitəsilə çıxış əldə edib.
C.Yusifova bazanın məlumat mənbələrindən yararlanmaq üçün fikirlərini də diqqətə çatdırıb.
Sonra mövzu üzrə təqdimat olub, suallar cavablandırılıb.