İQTİSADİYYAT
Elektron sənədin yoxlanılması xidməti iş prosesini sadələşdirir
Bakı, 24 noyabr, AZƏRTAC
Elektron sənədin yoxlanılması xidməti iş prosesini sadələşdirir.
“Elektron Hökumət” portalından AZƏRTAC-a bildirilib ki, elektron formada yaradılmış və elektron imza kartı vasitəsilə imzalanmış sənədlərin (".edoc") yoxlanılması prosesi çox asandır. Belə ki, yaradılan “.edoc” formatlı faylı “e-imza.az” və “e-gov.az” (Elektron Hökumət portalı) səhifələrində yerləşdirilmiş “Elektron imza ilə imzalanmış sənədlərin yoxlanılması” xidməti vasitəsilə yoxlamaq mümkündür.
“.edoc” formatı - "E-İmzalayıcı" proqramı və Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan "E-İmza" sertifikatları vasitəsilə yaradılan və imzalanmış sənəd tipidir. Bu formatın strukturuna elektron sənəd və imza haqqında məlumatlar daxildir.
Elektron sənədin yoxlanılması xidməti ilə bağlı ətraflı məlumatı https://www.e-gov.az/az/news/read/485 linkindən əldə etmək olar.
Qeyd edək ki, bu xidmət kağız mübadiləsini çoxdan dayandırmış təşkilatların da işini sadələşdirir.