“Elektron sınaq qiymətləndirmə” layihəsinin təqdimatı olub
Bakı, 27 noyabr, AZƏRTAC
“Elektron sınaq qiymətləndirmə” layihəsinin təqdimat mərasimi keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi məktəblilərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin rolunun daha da artırılması, həmçinin təhsili idarəetmə orqanları tərəfindən şagird nailiyyətlərinin izlənilməsi sahəsində aparılan fəaliyyətə dəstək olmaqdır.
Təqdimat mərasimində məlumat verilib ki, 214 nömrəli tam orta məktəb tərəfindən həyata keçirilən layihə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi” çərçivəsində ümumtəhsil müəssisələri kateqoriyası üzrə dəstəklənib.
Layihə çərçivəsində 15 ümumtəhsil məktəbinin IV və IX sinif şagirdləri arasında elektron sınaq qiymətləndirmələrin təşkili üçün xüsusi proqram təminatı yaradılıb. Proqram təminatı vasitəsilə təlim dili, riyaziyyat və ingilis dili fənlərindən elektron sınaq qiymətləndirmələri keçiriləcək. Müasir qiymətləndirmə mexanizminin tətbiqi nəticəsində layihəyə cəlb edilmiş məktəblər üzrə şagird nailiyyətləri və onların inkişaf dinamikası barədə məlumatlar əldə olunacaq. Elektron sınaq qiymətləndirmələr şagirdlərin təcrübəsini artıracaq, şəxsi nailiyyətlərini izləmək imkanı yaradacaq.
Layihə barədə daha ətraflı məlumat www.sq.edu.az saytında yerləşdirilib.
Tədbirdə BŞTİ-nin inkişaf layihələri sektorunun müdiri Anar Qədiməliyev, Təhsil Nazirliyinin inkişaf proqramları şöbəsinin əməkdaşı Orxan Abbasov, Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşi, 214 nömrəli tam orta məktəbin direktoru Esmira Ağayeva, layihəyə qatılan digər məktəblərin rəhbərləri, müəllim və ekspertlər iştirak ediblər.