ELM VƏ TƏHSİL
“Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Bakı, 29 dekabr, AZƏRTAC
Dekabrın 29-da Təhsil Nazirliyində “Elektron təhsil” respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov 2010-cu ildən etibarən keçirilən “Elektron təhsil” respublika müsabiqəsinə ümumilikdə altı mindən çox layihənin təqdim olunduğunu diqqətə çatdırıb.
Nazir müavini qeyd edib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.
Müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.
Müsabiqə üç istiqamət və altı nominasiya üzrə təşkil olunub. Müsabiqənin birinci mərhələsinə ümumilikdə 1.313 layihə təqdim edilib. Qəbul olunmuş 1.220 layihə ikinci mərhələdə müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim edilib. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb. Bununla da 325 layihə üçüncü mərhələyə keçib.
Üçüncü mərhələdə qalib namizədlər təşkilat komitəsi qarşısında öz işlərini təqdim ediblər. Müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyənləşdirilib.
Müsabiqə “AzEduNet”, “Ultra”, “Təhsildə İnnovativ Texnologiyalar”, Əlavə Təhsil Mərkəzi, “Edumedia Azərbaycan” və “Nar” operatoru tərəfindən dəstəklənir.
Qaliblərə diplom, noutbuk, planşet, printer və digər mükafatlar təqdim olunub.