ELM VƏ TƏHSİL
Elm Festivalı çərçivəsində Geologiya və Geofizika İnstitutunda mühazirələr dinlənilib
Bakı, 1 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda (GGİ) ikinci Azərbaycan Elm Festivalı çərçivəsində müxtəlif elm və təhsil müəssisələri əməkdaşlarının mühazirələri dinlənilib.
GGİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov festivalın əhəmiyyətindən danışıb. Bildirilib ki, intellektual cəmiyyətin qloballaşdığı dövrdə bilik və təcrübələrin paylaşılması, elmin müxtəlif istiqamətləri arasında əlaqələrin möhkəmləndirilməsi dövrün tələblərindəndir. Bu baxımdan müxtəlif universitet və elmi-tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən institutun kollektivi üçün bu cür tədbirlərin təşkili böyük əhəmiyyət daşıyır.
Sonra AMEA-nın institut və təşkilatlarının, eləcə də bir sıra ali məktəblərin nümayəndələri geologiya, neft sənayesi, ekologiya, tibb və digər sahələri əhatə edən mövzularda mühazirələr oxuyublar.
Mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.