ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutu Türk Tarix Qurumu ilə əməkdaşlıq edəcək
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu (ETİ) Türk Tarix Qurumu (TTQ) ilə əməkdaşlıq edəcək.
ETİ-dən AZƏRTAC-a bildiriblər ki, Ankarada institut direktorunun elmi işlər üzrə müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə ilə TTQ-nin sədri, professor Rəfiq Turan arasında keçirilən görüşdə bu barədə razılıq əldə olunub.
Söhbət zamanı S.Nemətzadə ETİ-nin Türkiyə və digər xarici ölkələrin elmi qurumları ilə münasibətlərindən, əməkdaşlıq imkanlarından danışıb.
Səfər çərçivəsində azərbaycanlı alim Türkiyə Respublikasının Baş Nazirliyində, o cümlədən Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunda görüşlər keçirəcək.