CƏMİYYƏT
Elm fədakarlıq tələb edir!
Bakı, 13 fevral, AZƏRTAC
Elm fədailəri sayəsində minlərlə yeni dərman preparatı sınaqdan keçirilib. İlan zəhəri əleyhinə universal zərdab yaratmaq arzusunda olan amerikalı Tim Fride də həyatını riskə qoyub. Təsəvvür edirsiniz, zəhərli ilanların onu sancmasına imkan verir.
AZƏRTAC “healt-ua.org” saytına istinadla xəbər verir ki, Viskonsin ştatında yaşayan T.Frideni bir neçə ay əvvəl həyat yoldaşı tərk edib. Özü də 20 il bir yastığa baş qoyandan sonra. Taleyin bu ağır zərbəsi də 37 yaşlı Frideni ilan zəhəri əleyhinə universal zərdab yaratmaq həvəsindən əl çəkdirə bilməyib. Hazırda ilan zəhəri əleyhinə bütün zərdablar (məsələn, “antiefa”) yalnız bir ilan növü sancdıqda ölməkdən qoruyur. Ancaq bəzi hallarda - zəhərlərin tərkibi oxşar olanda, polivalent zərdablardan istifadə edilir, amma bu maddənin istehsalı çətinliklə başa gəldiyi üçün çox bahadır.
Xüsusi təhsili olmayan həvəskar alim hesab edir ki, hər hansı zəhərli ilanın sancmasının nəticələrindən qorumağa qadir olan “superzərdab”ı orqanizmdə yaranan spesifik insan anticisimlərindən istifadə etməklə yaratmaq olar. Tim 16 ildir bu ölüm təhlükəli eksperimentdə iştirak edir. Bu illər ərzində o, könüllü şəkildə müxtəlif növ zəhərli ilanların onu 160 dəfə sancmasına imkan verib. Tim uzun illərdir mikrobiologiya professoru Brayan Hemlinin başçılıq etdiyi “Butterfly Sciences” şirkəti ilə əməkdaşlıq edir. Alim bildirir ki, Tim Fridenin qanında müxtəlif növ ilan zəhərlərinə qarşı spesifik anticisimlərin sayı çoxdur və bu, unikal haldır. Timi qara mamba, kral kobra və gözlüklü kobra, habelə taypan və bir çox digər zəhərli ilanlar sancıb. Timin bu həvəsi onun həyatı üçün təhlükəlidir: 2011-ci ildə o, kral kobrasının sancmasından sonra bir gündən çox koma vəziyyətində olub. Gözlüklü kobra ilə eksperiment nəticəsində nekrozun qarşısını almaq üçün təcili olaraq öz əzələsini yarmalı olub.
Fride bu təhlükəli eksperimentləri universal zərdab yaradılana qədər davam etdirmək əzmindədir. O vaxt bəlkə həyat yoldaşı da geri dönər, axı qadını ərindən əcaib eksperimentlər qaçırıb.