ELM VƏ TƏHSİL
“Elm haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq
AZƏRTAC xəbər verir ki, əvvəlcə komitə sədri Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Sonra o, 2014-cü ilin yaz sessiyası ərzində komitədə görülən işlər barədə danışıb. Bildirilib ki, ötən dövrdə komitədə qarşıya qoyulan bütün işlər əsasən yerinə yetirilib. Yaz sessiyası dövründə komitənin üç iclası keçirilib.
Qeyd edilib ki, ötən dövrdə komitəyə 90-dan çox ərizə daxil olub. Həmçinin komitə tərəfindən 50-dən çox struktura məktubla müraciət olunub.
Sonra Ş.Hacıyev gündəlikdə duran digər məsələ - “Elm haqqında” qanun layihəsinin hazırlanmasının gedişatı barədə məlumat verib. Bildirilib ki, yaz sessiyası dövründə qanun layihəsinin hazırlanması ilə bağlı işçi qrupunun bir neçə dəfə iclası keçirilib, müvafiq strukturlarla müzakirələr aparılıb, tövsiyə və təkliflər nəzərə alınıb. Demək olar ki, qanun layihəsinin hazırlanması tam başa çatıb.
Sədr Azərbaycanın qanunvericilik təcrübəsində ilk dəfədir ki, “Elm haqqında” qanun hazırlandığını diqqətə çatdırıb. Yeni qanunun əsas məqsədi elm və elmi fəaliyyət sahəsində baş verən bütün proseslərin hüquqi əsasını, bazasını yaratmaqdır. Qanun elmi fəaliyyət üçün tamamilə liberal bir sistemin formalaşmasına imkan verəcək.
Diqqətə çatdırılıb ki, “Elm haqqında” qanun layihəsi payız sessiyası dövründə müzakirəyə çıxarılacaq.
Çıxış edən komitə üzvləri ötən dövr ərzində qurumun işini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, bu gün Azərbaycanda elmin inkişafına xüsusi diqqət yetirilir, bununla bağlı xüsusi Dövlət Proqramı qəbul olunub. Bu baxımdan payız sessiyası dövründə “Elm haqqında” qanunun müzakirəyə çıxarılması çox önəmlidir.
İclasda komitənin 2014-cü ilin payız sessiyası üçün iş planı da müzakirə olunub.