ELM VƏ TƏHSİL
“Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı iyulun 11-də işıq üzü görüb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, yeni nömrədə “Biliklər cəmiyyətinin formalaşmasına yönələn mühüm addım” və “Əsrimizin qlobal çağırışı” kimi məqalələr verilib. Bundan əlavə, qəzetdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 2015-ci ilin kimya üzrə Nobel mükafatçısı Əziz Sancarla görüşü, AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyevin Türkmənistana səfəri haqqında materiallar yer alıb.
Qəzetdə, həmçinin İmadəddin Nəsiminin vəfatının 600 illiyinə və Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr olunmuş konfranslar, eləcə də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bəyanatı, “Azərbaycan mənşəli şairlər və filosoflar”, israilli alim Lev Eppelbaumla müsahibə və digər məlumatlarla tanış olmaq olar.