ELM VƏ TƏHSİL
“Elm” qəzetinin yeni nömrəsində maraqlı məqalələr yer alıb
Bakı, 20 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin mətbu orqanı olan “Elm” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
Qəzetdə AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu elm ocağının sonuncu kurs magistrantları ilə görüşü, akademik Vasim Məmmədəliyevin Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatına layiq görülməsi, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Quliyevin “İstedadlı alim və elm təşkilatçısı” məqaləsi, görkəmli kimyaçı alim, akademik Rəfiqə Əliyeva ilə vida mərasimi, türk dünyasının tanınmış tədqiqatçısı Lev Qumilyovun 105 illiyinə həsr olunmuş tədbir, yeni çapdan çıxmış “Akademik İsa Həbibbəyli. Biblioqrafiya – 2016” kitabı haqqında materiallar verilib.
AMEA-dan AZƏRATC-a bildiriblər ki, bu nömrədə, həmçinin “Proqram mühəndisliyinin aktual elmi-praktik problemləri” birinci respublika konfransı, Gəncə Bölməsində müasir təbiət elmlərinin aktual problemlərinə həsr olunan beynəlxalq tədbir, Azərbaycan aqrar elminin inkişafı tarixində əvəzsiz xidmətləri olan alim Fərman Quliyevin 80 illiyi ilə bağlı material, akademik Vaqif Abbasovun “Yaddaşlarda yaşayacaq alim” məqaləsi, Ədəbiyyat İnstitutunun veb-saytının yeni versiyasının istifadəyə verilməsi və digər məlumatlarla tanış olmaq mümkündür.
Bundan əlavə, qəzetdə “Vernost traditsiyam”, “Daleko ot Moskvı”, “Olimpiada podvodit itoqi”, “Nauka kak reliqiya”, “Pamyati uçyonoqo”, “Nekorrektnost”, “Poçyotnıy doktor” və digər məqalələr yer alıb.