CƏMİYYƏT
“Elm şənliyi” layihəsinin təşkilatçıları və iştirakçıları ilə görüş keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
“Elm şənliyi” layihəsinin aparıcı tərəfdaşlarından olan Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində layihənin təşkilatçıları və iştirakçıları ilə görüş keçirilib. Mərkəzin rəhbəri Əhməd Sami Elaydinin təşəbbüsü ilə reallaşan görüşdə layihə çərçivəsində görülən işlər müzakirə olunub.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə Əhməd Sami Elaydi Azərbaycan ilə Misir arasında mədəni və təhsil əlaqələrinin bu gün ən mütərəqqi dövrünü yaşadığını söyləyib. O, xalqlarımız arasındakı ortaq tarix, mədəniyyət, dil və din birliyindən danışıb.
Daha sonra Misir haqqında qısa videoçarx nümayiş olunub.
Xəzər Universitetinin tələbələrindən ibarət könüllülərin və müxtəlif təşkilatlardan olan gənc mütəxəssislərin qatıldığı tədbirdə çıxış edənlər “Elm şənliyi” layihəsinin mütərəqqi əhəmiyyətindən söz açıblar. Layihənin davam etdirilməsinin vacibliyini vurğulayıblar.