ELM VƏ TƏHSİL
“Elm və həyat” jurnalının növbəti nömrəsi nəşr olunub
Bakı, 3 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Elm və həyat” elmi-populyar jurnalının yeni nömrəsi çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində “Elmlər Akademiyasının yaradılması prosesi və ilk tərkibi”, “Orta əsrlərin mədəniyyət mərkəzi – Gəncə”, “Memarlığımızın korifeyləri”, “Zərdüştlük mərasimləri, adət-ənənələr və Qədim Olimpiya oyunlarında onların səpkisi” və digər mövzularda məqalələr yer alıb.
1961-ci ildən nəşr olunan “Elm və həyat” jurnalının məqsədi Azərbaycan elminin və elmi biliklərin populyarlaşdırılmasıdır. Jurnalda Azərbaycanın tarixi, ədəbiyyatı, etnoqrafiyası ilə bağlı məqalələrlə yanaşı, fizika, kimya, kibernetika, astronomiya və digər elm sahələrinə aid yazılar oxuculara təqdim edilir.
Elmin bütün istiqamətlərini əsas tutan jurnalın bugünkü hədəfi Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyası və maarifçi mövqeyinin gücləndirilməsidir.
“Elm və həyat” jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktorun müavinləri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və AMEA-nın ictimaiyyətlə və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev, məsul katibi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Turan Rəhimovadır.