SİYASƏT


Elmar Məmmədyarov: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

ATƏT məkanında təhlükəsizlik məsələsi həll olunmamış silahlı münaqişələr, davam edən hərbi təcavüz, terrorizmin artan təzyiqi, zorakı ekstremizm, separatizm, kiber-hücumlar, radikalizm və digər hədələrlə sarsılıb. Etnik və dini zəmində dözümsüzlük və ayrı-seçkilik, xüsusilə islamofobiya kimi artan meyillər də ciddi çağırışlardır. Hazırkı beynəlxalq təhlükəsizlik problemlərinin əksəriyyəti beynəlxalq hüququn qəsdən pozulması və təhrif olunması səbəbindən baş verir.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT üzv dövlətlərinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısındakı çıxışında bildirib.

Nazir deyib: “Bəzən düşünürlər ki, qısamüddətli siyasi məqsədlərə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaq olar. Bəziləri hətta gücdən istifadə etməklə dövlətlərin ərazi bütövlüyünün əleyhinə onları fəal şəkildə pozur.

Acı şəkildə etiraf etməliyəm ki, ATƏT məkanında bu, ilk olaraq qonşu Ermənistan tərəfindən mənim ölkəmə qarşı başladılıb. Ermənistan Beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini tam şəkildə pozaraq, 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib və zəbt etdiyi bu ərazilərdə bədnam etnik təmizləmə aparıb.

Ermənistanın xarici işlər naziri burada çox ziddiyyətli danışdı. Burada hər kəs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir ki, kimdir təcavüzkar. Kim Azərbaycan torpaqlarını işğal edib. Kim ölkəmə qarşı güc tətbiq edir. Kim beynəlxalq və humanitar hüququ pozub.

Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Artıq bəsdir. Danışıqlar masasında irəliləyişə nail olmaq və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib.

Beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir. Bu xüsusda, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbuledilməməzliyi təmin olunmalıdır.

Biz mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün Helsinki Yekun Aktının əsas prinsiplərinə, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla beynəlxalq hüququn normalarına qəti riayət olunmasını təmin etməliyik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.