ELM VƏ TƏHSİL
“Elmi araşdırmalar” məqalələr toplusunun növbəti buraxılışı nəşr olunub
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Elmi araşdırmalar” məqalələr toplusunun onuncu buraxılışı işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyevanın redaktorluğu ilə nəşr olunan elmi-nəzəri məqalələr toplusunun bu nömrəsində 50-dək məqalə altı bölmədə təqdim edilib.
“Ədəbiyyatşünaslıq” bölməsində Səbinə Səlimovanın “Harun ər-Rəşid obrazı ərəb folklor nümunəsində”, Səadət Şıxıyevanın “Azərbaycan təsəvvüf ədəbiyyatı tarixinə bir beyti ilə daxil olan şair – Şah Xəndan”, Paşa Kərimovun “Süruri dövrü Vatikan nüsxəsi” və digər maraqlı məqalələr dərc olunub.
Dilçiliklə bağlı bölmədə Laura Orucovanın “Əl-Bərdəinin “Hədəiqüd-dəqiq” əsəri əsasında ərəb dilində köməkçi sözlərin rolu”, Zenfira Rüstəmovanın İraq-türkman dialektinin tədqiq tarixi haqqında bəzi mülahizələr” kimi məqalələrini qeyd etmək olar.
“Tarix, arxeologiya, etnoqrafiya” bölməsində Şahin Mustafayevin “Çağdaş Azərbaycan tarixşünaslığının bəzi nəzəri məsələləri”, Fərda Əsədovun “Xəzərlərin ərəblərlə İpək yolu ticarətində tərəfdaşlığı”, Vidadi Mustafayevin “Cənubi azərbaycanlıların etnonim məsələsi” və digər məqalələr yer alıb.
Topluya, həmçinin Qadir Səfərovun “İbn Ərəbinin “əyani-sabitə”si islam metafizik fikrində yeni mərhələ kimi” (“Fəlsəfə” bölməsində), Esmeralda Həsənovanın “Türkiyə ictimai-siyasi fikrində nurçuluq” (“İlahiyyat” bölməsində), Dünyamalı Vəliyev və Zahediavval Masoudun “Qlobal maliyyə böhranının (2008-2010-cu illər) Yaxın Şərq ölkələrində təzahürü xüsusiyyətləri” (“İqtisadiyyat” bölməsi) məqalələri daxil edilib.