REGİONLAR
Elmi məqalələrin hazırlanmasına qoyulan beynəlxalq tələblər müzakirə olunub
Naxçıvan, 26 noyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində (NDU) “Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, elmi məqalələrin hazırlanmasına qoyulan beynəlxalq tələblər və etik problemlər” mövzusunda keçirilən seminarda elmi məqalənin yazılması qaydaları, beynəlxalq elmi jurnallarda çap olunacaq məqalələrə qoyulan tələblər geniş müzakirə olunub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, seminarı rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, belə seminarların keçirilməsinin başlıca məqsədi bir tərəfdən alimlərimizin elmi nəticələrinin dünya miqyasında tanıdılmasına nail olmaqdırsa, digər tərəfdən elm sahəsində ilk addımlarını atan gənclərə, elmi-tədqiqat işlərinə başlamış magistrlərə, doktorant və dissertantlara yol göstərməkdən ibarətdir.
Vurğulanıb ki, elmi məqalə hər bir alimin müvəffəqiyyəti deməkdir. Elmi məqaləni lazımi səviyyədə yazmaq bacarığı elm sahəsində irəliləyən gənclərin gələcəkdə əsl alim kimi formalaşmasına və yüksək uğurlar qazanmasına şərait yaradacaqdır. Rektor çıxışında elmi nəticələrin əldə olunması baxımından dünya səviyyəsində səmərəli elmi axtarışların aparılmasının vacibliyini qeyd edib.
Seminarda Türkiyənin Qars Qafqaz Universitetinin cərrahiyyə kafedrasının professoru İsa Özaydın mövzu ilə bağlı məruzəsində məqalə hazırlanarkən sadə dil üslubundan istifadə edilməsinin, məntiqi ardıcıllığın qorunmasının, qrammatik qaydalara riayət edilməsinin əhəmiyyətini vurğulayıb, bu tələblərə cavab verən məqalələrin daha oxunaqlı olduğunu bildirib.
Sonra məruzəçi universitet əməkdaşlarının suallarını cavablandırıb.
Qeyd edək ki, Qars Qafqaz Universitetinin cərrahiyyə kafedrasının professoru İsa Özaydın bir həftə ərzində NDU-da baytarlıq təbabəti ixtisasının tələbələrinə cərrahiyyə mövzusunda dərslər keçəcək və onlarla birgə cərrahiyyə əməliyyatlarında iştirak edəcək.