ELM VƏ TƏHSİL
Elmi-pedaqoji kadr potensialı gücləndirilir
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov filologiya fakültəsinin kollektivi ilə görüşüb.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə yeni tədris ilində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin optimallaşdırılması, dərsə davamiyyət, tədris və imtahan prosesinin təşkili, kadr siyasəti, əmək intizamının möhkəmləndirilməsi və digər məsələlər müzakirə edilib.
C.Cəfərov bildirib ki, ölkə rəhbərliyi təhsilin, o cümlədən pedaqoji təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına və müəllim hazırlığına xüsusi diqqət yetirir. İslahatların aparılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və idarəetmənin optimallaşdırılması reallıqdan, həyati zərurətdən irəli gələn vəzifələrdir. ADPU-da pedaqoji kadrlar hazırlanır. Müasir əmək bazarının tələblərinə cavab verən, rəqabətqabiliyyətli yüksəkixtisaslı kadrlar yetişdirilməlidir. Universitetin maddi-texniki bazası, informasiya-kommunikasiya təminatı gücləndirilməli, beynəlxalq əlaqələr genişləndirilməlidir.
Filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov son üç ayda fakültədə görülən işlər, həyata keçirilən tədbirlər barədə məlumat verib.
Görüşdə iştirakçıların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb, müvafiq qərarlar qəbul edilib.