REGİONLAR


Elmi-praktik konfransda muxtar respublikanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışılıb

A+ A

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Naxçıvan Muxtar Respublikasının müstəqillik dövrü fakt və rəqəmlərdə” adlı elmi-praktik konfransda muxtar respublikanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərdən danışılıb.

AZƏRTAC xəbər verir ki, konfrans AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Elmi-praktik konfransı açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, bu il oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dövlət müstəqilliyimizin bərpasının iyirmi beşinci ildönümü haqqında Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 13 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq keçirilən konfrans müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasının inkişaf yolunu tarixi faktlar və rəqəmlərin dili ilə ifadə etmək məqsədi daşıyır.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı fakt və rəqəmlərdə” mövzusunda məruzə edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Kamal Cəfərov müstəqillik illərində qədim diyarın keçdiyi sosial-iqtisadi inkişaf yolunun təməl prinsiplərindən bəhs edib. Konfrans iştirakçılarının diqqətinə çatdırılıb ki, müstəqilliyin verdiyi imkanlar hesabına muxtar respublikada iqtisadiyyat şaxələndirilib, səmərəli məşğulluq təmin edilib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin rifah halı yaxşılaşdırılıb. Ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul müstəqilliyimizin ilk illəri ilə müqayisədə 56 dəfə artaraq, 2015-ci ildə 2 milyard 467 milyon manatı ötüb. Hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalının həcmi isə 42 dəfə artaraq, 5581 manat olub. Bu dövrdə sənaye istehsalının həcmi 100 dəfə, əsas kapitala yönəldilən investisiyalar 312 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 10 dəfə, əhalinin gəlirləri 57 dəfə, hər bir nəfərə düşən gəlirlər 43 dəfə, bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı isə 25 dəfə artıb.

Komitə sədri qeyd edib ki, müstəqilliyimizin ilk illərində muxtar respublikada 56 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, hazırda bu göstərici 8 dəfə artaraq 442-yə çatıb. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində, ötən dövrdə Naxçıvanda 386 sənaye müəssisəsi fəaliyyətə başlayıb.

Muxtar respublikada yaşayış məntəqələrinin abadlaşdırılması, əhaliyə göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən tədbirlərdən bəhs edən komitə sədri ötən dövrdə Naxçıvanda 4 qəsəbə, 133 kənd mərkəzinin istifadəyə verildiyini vurğulayıb, turizm sektorunun inkişafı istiqamətində reallaşdırılan işlərdən, məşğulluğun təmin olunması məsələlərindən geniş bəhs edib.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı (1991-2016-cı illər)” mövzusundakı məruzəsində bildirilib ki, 1995-ci ildən bəri muxtar respublikada 40 min 182 şagird yerlik 129 ümumtəhsil məktəbi tikilib. 34 min 24 şagird yerlik 52 ümumtəhsil məktəbi, eləcə də 19 məktəbəqədər təhsil müəssisəsi, 23 uşaq musiqi və bədii sənətkarlıq məktəbi, 3 orta ixtisas təhsil müəssisəsi yenidən qurulub və ya əsaslı təmir olunub.

“Naxçıvan Muxtar Respublikasında elmin inkişafı fakt və rəqəmlərdə” adlı məruzə ilə çıxış edən AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, 1995-2015-ci illərdə muxtar respublika tədqiqatçılarının 208 monoqrafiyası, 750-yə yaxın kitabı, 320-dən çox dərslik, dərs və tədris vəsaiti, 18 min 342 məqalə və tezisi nəşr edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təsis etdiyi “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnalı, AMEA Naxçıvan Bölməsinin “Xəbərlər”i, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar”ı, Naxçıvan Dövlət Universitetinin “Elmi əsərlər”i və Naxçıvan Müəllimlər İnstitutunun “Xəbərlər” jurnalı beynəlxalq kod almaqla bərabər, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qəbul etdiyi dövri nəşrlər siyahısına da daxil edilib. Ali Məclis Sədrinin bilavasitə dəstəyi, qayğısı və himayəsi ilə Naxçıvan Muxtar Respublikası tarixinin, abidələrinin, folklorunun, ədəbi-mədəni mühitinin, biomüxtəlifliyinin, təbii sərvətlərinin öyrənilməsi istiqamətində tədqiqat işləri aparılıb, bir sıra ümumiləşdirici əsərlər, kitab və monoqrafiyalar çap edilib.

Sonda konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.