ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında aktual məsələlər müzakirə olunub
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov gündəlikdə duran məsələlər barədə məlumat verib. O, doktoranturaya qəbul və ixtisas minimumu imtahanı proqramı və test-sual bankının hazırlanması barədə söz açıb. Test-sual bankının hazırlanması ilə bağlı hər bir şöbənin tapşırılan işi yerinə yetirdiyini söyləyib.
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə əlaqədar tədbirlər” barədə danışan direktor çapı nəzərdə tutulan üç cilddən ibarət “Qorqudşünaslıq” kitabı ilə bağlı məlumat verib, artıq materialların sistemləşdirildiyini vurğulayıb. Qeyd edib ki, institut sözügedən mövzuda elmi sessiyaya və beynəlxalq elmi konfransa hazırlaşır. Habelə institutda “Dədə Qorqud xəritəsi”nin hazırlanması ilə bağlı işlər də davam etdirilir.
Araşdırmaçı, tərcüməçi, şairə Anna Batkulaşvilinin “Azərbaycan folklor nümunələrinin gürcü və rus dilinə çevrilməsi problemləri (Qurbaninin şeirləri əsasında)” mövzusunda məruzəsi dinlənilib.
A.Batkulaşvili Azərbaycan xalqına dərin sevgisini ifadə edib, bu sahədəki tərcümə işlərini sevə-sevə etdiyini bildirib. Vurğulayıb ki, indiyə kimi bu sahədəki çalışmaları gürcü ictimaiyyətinin ciddi marağına səbəb olub.
Sonra məruzə ilə bağlı iştirakçıların sualları cavablandırılıb.