ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında bir sıra məsələlər müzakirə edilib
Bakı, 29 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda elmi şuranın iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə elmi şuranın sədri, filologiya elmləri doktoru Məhəbbət Mirzəliyeva gündəlikdəki məsələlər barədə məlumat verib.
İclasda çıxış edənlər bütün şöbələr üzrə 2014-cü il üçün plan işlərinin yerinə yetirildiyini diqqətə çatdırıblar.
Sonra “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın daha mütəşəkkil və operativ şəkildə həyata keçirilməsi, cəmiyyətdə dil situasiyasına nəzarət və proseslərə adekvat reaksiya verilməsinin təşkili üçün çevik işçi qrupunun yaradılması məsələsi müzakirə edilib. Həmçinin, Dövlət Proqramına əsasən, əcnəbilərə Azərbaycan dilinin öyrədilməsi məsələsinin vacibliyi vurğulanıb. Daha sonra işçi qrupunun tərkibi təsdiqlənib.
İclasda institutun müddəti başa çatmış doktorant və dissertantlarının yenidən bərpa olunması, monitorinq şöbəsinin bəzi əməkdaşlarına dosent elmi adının verilməsi, təhsil müəssisələri ilə əlaqələrin yaradılması və digər məsələlər müzakirə edilib. Həmçinin 2015-ci ildə nəşr olunacaq elmi əsərlərin siyahısı təsdiqlənib.