ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında bir sıra mühüm məsələlər müzakirə edilib
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Polimer Materialları İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda institutun direktoru, akademik Akif Əzizov gündəlikdəki məsələlər barədə məlumat verib.
Sonra institutun elmi katibi vəzifəsini icra edən, kimya üzrə fəlsəfə doktoru Solmaz Rzayeva AMEA rəyasət heyəti tərəfindən tövsiyə olunan elmi-tədqiqat proqramları, akademiyada 2014-cü ildə fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri, doktorluq imtahanlarının qəbulu qaydalarının təkmilləşdirilməsi, beynəlxalq elmi əlaqələrin genişləndirilməsi və s. sənədlər barədə məlumat verib.
İclasda AMEA-nın adlı mükafatları üzrə akademik Yusif Məmmədəliyev adına mükafata və Nizami Gəncəvi adına Qızıl medal müsabiqəsinə namizədliyi irəli sürülən əməkdaşların adları açıqlanıb. Nizami Gəncəvi adına qızıl medal müsabiqəsinə AMEA-nın müxbir üzvü Mustafa Salahovun, akademik Yusif Məmmədəliyev adına mükafata AMEA-nın müxbir üzvü Yavuz Rüstəmovun namizədliyi irəli sürülüb və yekdilliklə qəbul olunub.
İclasda, həmçinin ekspert komissiyasının yeni tərkibinin təsdiqlənməsi, vakant vəzifələri tutmaq üçün elan olunmuş müsabiqə və digər məsələlər müzakirə edilib.