ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında bir sıra mühüm məsələlər müzakirə olunub
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə institut direktorunun elmi işlər üzrə müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. D.Hüseynov əvvəlcə “Karbohidrogen yataqlarının işlənilməsi üzrə investisiya layihələrinin qiymətləndirilmə meyarları və onların istifadəsi” mövzusunda tədqiqatlardan danışıb. Bildirilib ki, bu istiqamətdə işlər karbohidrogen yataqlarının hazırkı ehtiyatlarından səmərəli istifadə olunması baxımından böyük əhəmiyyət daşıyır. Bunu nəzərə alan institutun əməkdaşları son illər apardıqları tədqiqatlardan mühüm nəticələr əldə ediblər.
İnstitutun neft yataqlarının işlənilməsi şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Arif Quliyev sözügedən nəticələr barədə məruzə ilə çıxış edib. O, araşdırmaların məqsədini neft ehtiyatlarının üzunmüddətli səmərəli mənimsənilməsinin təmin edilməsi ilə əlaqələndirib. Məruzəçi təklif olunan yeni meyarlara əsaslanaraq tövsiyə edib ki, neft verimini artıran üsulların tətbiqinə mümkün qədər yatağın işlənilməsinin erkən dövrlərində başlanması daha məqsədəuyğundur.
Sonra tədqiqatların nəticələri geniş müzakirə edilib, suallar cavablandırılıb. Məruzə elmi şuranın qərarı ilə qəbul olunub.
İclas elmi-təşkilati məsələlərin müzakirəsi ilə davam edib.
Tədbirdə “Çoxlaylı qaz və qazkondensat yataqlarının işlənilməsi prosesinin modelləşdirilməsi”, “Prioritet istiqamətlərin seçilməsi məqsədi ilə neft geologiyası, geokimyası, geofizikası, neft və qaz yataqlarının işlənilməsi sahələrində nəşrlərin elmimetrik təhlili” mövzularında məruzələr dinlənilib.