ELM VƏ TƏHSİL
Elmi şuranın iclasında cari məsələlər müzakirə olunub
Bakı, 29 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun laboratoriya korpusunda Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Biologiya Problemləri üzrə elmi şurasının növbəti iclası keçirilib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, iclasda elmi şura sədrinin müavini, akademik İradə Hüseynova 2014-cü ildə müxtəlif ixtisaslar üzrə qəbul olunan dissertantların tədqiqat işlərinin mövzuları, elmi rəhbərləri və məsləhətçiləri barədə məlumat verib. Bildirilib ki, dissertasiya mövzuları əvvəlcədən uyğun seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunub, bəzi mövzular institutlara qaytarılaraq lazımi dəyişikliklər edilib. İ.Hüseynova vurğulayıb ki, bu istiqamətdə müzakirələrin aparılması biologiya problemləri üzrə elmi şurada prioritet sahələrin qiymətləndirilməsinə, tədqiqat işlərinin düzgün yönləndirilməsinə, təkrarçılığın aradan qaldırılmasına və mövzuların daha tez təsdiqlənməsinə imkan verir.
Sonra seksiyalar üzrə qəbul olunan dissertantların mövzuları müzakirə olunaraq təsdiqlənib. Elmi şuranın üzvlərinə dissertasiya mövzularının verilməsi və müzakirəsinə daha ciddi yanaşılması tövsiyə edilib.